Emin Əmrullayev: Dərslik yazmayanlar dərslikləri daha çox tənqid edirlər

10 İyun, 2026 - 17:01
Emin Əmrullayev: Dərslik yazmayanlar dərslikləri daha çox tənqid edirlər

“Dərslik yazmaq da, vəsait hazırlamaq da çox çətin işdir. Bu, asan məsələ deyil. Adətən dərslik yazmayan insanlar dərslikləri daha çox tənqid edirlər”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.

Nazir bildirib ki, həqiqətən də təhsildə fərqli bir dövrə gəlib çatmışıq: “Bu dövrün necə olacağı barədə çox fərqli fikirlər mövcuddur. Amma, məncə, hələ heç kim gələcəyin necə olacağı sualına tam və dəqiq cavab verə bilmir.

Əvvəlki dövrlərdə hər hansı məsələni həll etmək üçün insanın həmin məsələnin həll üsulunu bilməsi vacib idi. Məsələn, kvadrat tənliyi həll etmək üçün kvadrat tənliyin həlli qaydasını öyrənmək lazım idi.
Bu gün isə süni intellekt vasitələrindən istifadə etməklə bir çox məsələlərin cavabını dərhal əldə etmək mümkündür”.

Nazirin sözlərinə görə, məktəblərdə də süni intellektdən istifadə genişlənir. Maraqlı müşahidələrdən biri odur ki, bir çox hallarda uşaqlar süni intellektə “həll yolunu göstər” yox, “cavabı ver” deyə müraciət edirlər: “Bu məqam bəzi insanlar tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Çünki insanlar problemin həll yolunu öyrənməyə ehtiyac duymaya bilərlər.

Biz bunu tənqid edə, yaxşı və ya pis hesab edə bilərik. Amma reallıq budur ki, insan cavabı asanlıqla əldə edə bildikdə onun öyrənmə davranışı dəyişir.

Bu isə təhsili, dərsliyi və ümumilikdə tədris prosesini əsaslı şəkildə dəyişəcək.

Necə dəyişəcəyinə gəlincə, açığı, mənim də bu suala dəqiq cavabım yoxdur. Bu, üzərində ciddi düşünülməli və geniş müzakirə edilməli olan məsələdir”, - deyə Emin Əmrullayev bildirib.