İşğaldan azad olunan ərazilərdə məktəblər öz doğma ünvanlarına qayıdır - Nazir
“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi çərçivəsində məktəblərin də öz doğma ünvanlarına köçürülməsi davam edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında danışıb”.
Nazir bildirib ki, yaxın illərdə Zəngilan, Cəbrayıl, Laçın və digər azad edilmiş bölgələrin məktəbləri fəaliyyətlərini öz ərazilərində davam etdirəcəklər.
Emin Əmrullayev qeyd edib ki, artıq bu istiqamətdə uğurlu nümunələr mövcuddur. Nazir Şuşa məktəbini nümunə göstərərək bildirib ki, əvvəllər Bakı şəhərində fəaliyyət göstərən məktəb artıq Şuşada uğurla fəaliyyətini davam etdirir.
Nazirin sözlərinə görə, məktəblərin yenidən təşkil olunması və öz doğma məkanlarına qaytarılması prosesi mərhələli şəkildə davam etdiriləcək.



