Ən böyük motivasiyam məğlubiyyətlərim olub – Oğuz məktəblisinin uğur formulu

13 May, 2026 - 14:04
Ən böyük motivasiyam məğlubiyyətlərim olub – Oğuz məktəblisinin uğur formulu

Oğuz rayonunun Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Nihat Xəlilli qazandığı uğurlarla həm məktəbinin, həm də rayon təhsilinin adını ön sıralara daşıyır.

“Azərbaycan müəllimi” xəbər verir ki, beynəlxalq və respublika səviyyəli bilik yarışlarında ardıcıl nailiyyətlər əldə edən Nihat “Kings” beynəlxalq olimpiadasının qızıl medalçısı, “Koala” olimpiadasının gümüş medalçısıdır. O, Respublika Fənn olimpiadasında coğrafiya fənni üzrə iki dəfə gümüş medala layiq görülüb. 9 illik buraxılış imtahanında yüksək nəticə göstərərək 290 bal toplayıb və fərqlənmə  attestatı almağa nail olub. İmtahanda Azərbaycan dili və riyaziyyat fənlərindən maksimum nəticə göstərib, rus dili fənnindən isə 90 bal əldə edib.

Nihatın uğurları bununla da yekunlaşmır. O, “BilBacar” layihəsinin finalçısı olub, “Əlaçı” televiziya verilişində iki dəfə iştirak edib və bu il verilişin qalibi olaraq “Əlaçı” diplomunu qazanıb.

Gənc şagird bildirir ki, onun uğurlarının arxasında yalnız qələbələr deyil, həm də məğlubiyyətlər dayanır: “İstər olimpiadalarda, istərsə də “Əlaçı” verilişində ən böyük motivasiyam aldığım məğlubiyyətlər olub. Əgər bu məğlubiyyətlər olmasaydı, buralara gəlib çata bilməzdim. Hər uğursuz nəticə mənə daha çox çalışmağı, səhvlərimdən nəticə çıxarmağı və yenidən cəhd etməyi öyrətdi. Mənim bu yerlərə gəlməyimdə ailəmin, müəllimlərimin, sinif yoldaşlarımın və dostlarımın böyük dəstəyi olub. Onların hər birinə xüsusi təşəkkür edirəm”.

Nihat gələcək hədəflərinin də böyük olduğunu vurğulayır. O, ali təhsilini ADA Universitetində davam etdirmək, eləcə də yeni intellektual yarış və verilişlərdə iştirak etmək arzusundadır: “Gələcək üçün məqsədlərim böyükdür. Ali təhsilimi ADA Universitetində davam etdirmək istəyirəm. Həmçinin yeni intellektual verilişlərə qatılmaq kimi məqsədim də var. İnşallah, Allahın köməyi ilə öz açdığım yolu davam etdirəcəyəm”.

Nihatın uğur yolunda xüsusi rolu olan şəxslərdən biri də onun coğrafiya müəllimi Rəşad Xəlilovdur. Bir çox Olimpiada qalibləri hazırlayan Rəşad müəllim eyni zamanda Nihatın atasıdır. Bu amil onların münasibətinə həm müəllim-şagird məsuliyyəti, həm də ata-oğul inamı qatır. O, Nihatın yalnız dərs nəticələrində deyil, xarakterinin formalaşmasında, məqsədli və intizamlı çalışma vərdişlərinin yaranmasında da mühüm rol oynayıb.

Rəşad Xəlilov şagirdinin və övladının uğurlarını belə dəyərləndirir: “Nihatın uğuru təsadüfi deyil. O, qarşısına məqsəd qoymağı, bu məqsəd uğrunda ardıcıl çalışmağı bacaran şagirdlərdəndir. Ən önəmli cəhətlərindən biri məğlubiyyətdən ruhdan düşməməsi, əksinə, onu yeni uğurlar üçün stimul kimi qəbul etməsidir. Bu xüsusiyyət gələcəkdə onun daha böyük nailiyyətlər qazanacağına inam yaradır. Nihat kimi şagirdlər həm məktəbimiz, həm də bölgəmiz üçün qürur mənbəyidir”.

Məktəbin pedaqoji kollektivi də Nihatın uğurlarını yüksək dəyərləndirir. Onun qazandığı nəticələr kənd məktəblərində təhsil alan şagirdlərin də böyük hədəflərə çata biləcəyini, istedadın və zəhmətin düzgün istiqamətləndirildikdə ciddi nəticələr verdiyini göstərir.
Nihat Xəlillinin uğur hekayəsi bir daha sübut edir ki, qələbəyə aparan yol təkcə nailiyyətlərdən deyil, həm də məğlubiyyətlərdən, inadkarlıqdan, zəhmətdən və inamdan keçir. O, çalışqanlığı, məqsədyönlülüyü və qazandığı nəticələrlə həmyaşıdlarına nümunə olur.