“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır

14 Yanvar, 2026 - 12:08
“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır

14 yanvar 2026-cı il tarixindən etibarən ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin qeydiyyatı prosesinə başlanılır.

"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.

Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.

Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

Nəzərinizə çatdırırıq ki, müsabiqəyə qeydiyyat 30 yanvar 2026-cı il tarixinə kimi aktiv olacaq.