“DataRace”in ilk yarışında 300-dən çox süni intellekt yanaşması təqdim edilib
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) yaratdığı “DataRace" platformasının ilk yarışının nəticələri rəsmi mükafatlandırma mərasimində açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Apar”ın tərəfdaşlığı ilə keçirilən yarışda real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub və ən yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıb.
“DataRace” Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş “Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi” istiqamətinin icrasına töhfə vermək məqsədilə yaradılıb. Platforma Süni İntellekt (Sİ) və data sahəsində istedadları real sektor çağırışları ilə bir araya gətirərək onların bilik və bacarıqlarının praktik problemlərin həllinə yönəldilməsi üçün mühit formalaşdırır.
“DataRace” modeli çərçivəsində biznes və dövlət qurumlarının real çağırışları Sİ və data istedadlarına təqdim olunur. İştirakçılar həmin problemlər üzrə müxtəlif yanaşmalar hazırlayır, çağırış sahibi isə fərqli həlləri müqayisə etmək və perspektivli yanaşmaları müəyyənləşdirmək imkanı əldə edir.
İlk yarış “Apar”ın real biznes ehtiyacı əsasında müəyyən edilmiş “İstifadəçi Rəylərinin Təsnifatı” (User Feedback Classification) mövzusuna həsr olunub.
İştirakçılar böyük həcmdə istifadəçi rəylərinin avtomatik təhlili və kateqoriyalaşdırılması üzrə süni intellekt yanaşmaları hazırlayıblar. Yarış ümumilikdə 600 nəfər maraq göstərib, 300-dən çox iştirakçı isə öz yanaşmasını təqdim edib.
Mükafatlandırma mərasimində dövlət və özəl sektorun nümayəndələri, innovasiya, süni intellekt, texnologiya, İKTvə rəqəmsal transformasiya üzrə rəhbərlər, insan resursları liderləri, eləcə də Sİ və data mütəxəssisləri iştirak ediblər. Tədbirdə istedadların real sektor ehtiyacları ilə əlaqələndirilməsi və biznes, dövlət və texnologiya ekosistemi arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Yarışın yekun nəticələrinə əsasən Əli Məhərrəmli birinci yeri tutaraq 3 000 AZN, Elnur Mirzəzadə ikinci yeri tutaraq 2 000 AZN, Nural Şükürlü isə üçüncü yeri tutaraq 1 000 AZN pul mükafatı qazanıb.
“DataRace”in növbəti mərhələsində müxtəlif sektorların real çağırışları əsasında yeni yarışların elan olunması və tərəfdaşlıq imkanlarının genişləndirilməsinəzərdə tutulur. Platforma bununla Sİ istedadlarının praktik bacarıqlarının inkişafına və real sektor problemləri üzrə yeni yanaşmaların formalaşmasına töhfə verməyə davam edəcək.




