“Avropa çempionatından qızıl medal gətirəcəyəm” – Olimpiada qalibi
Bu il ilk dəfə keçirilən Məktəblilərarası Respublika İdman Olimpiadasında uğur qazanan məktəblilər arasında Cəlilabaddan olan gənc güləşçi Cavid Əliyev Mübariz oğlu da var. O, güləş idman növü üzrə 85 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
“Azərbaycan müəllimi”nə danışan gənc idmançı özünü təqdim edərək bildirib ki, hazırda 8-ci sinifdə təhsil alır və həm dərslərinə, həm də idman məşqlərinə ciddi yanaşır:
“Həm dərslərimlə məşğul oluram, həm də məşqlərimi davam etdirirəm. Yarışa çox yaxşı hazırlaşdığım üçün çempion oldum”.
Qazandığı uğurun təsadüfi olmadığını deyən Cavid Əliyev bu nəticənin arxasında uzunmüddətli hazırlıq və zəhmətin dayandığını vurğulayır. O, uğurunda əməyi olan hər kəsə minnətdarlığını ifadə edir.
Gənc çempion artıq yeni hədəflər müəyyənləşdirib. Onun məqsədi yalnız ölkə daxilində uğur qazanmaq deyil, həm də beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır:
“Ümid edirəm ki, Azərbaycan çempionu olacağam və ölkəmizə Avropa çempionatından qızıl medal gətirəcəyəm”.
Qazandığı qızıl medal gənc güləşçinin uğur yolunda atdığı mühüm addımlardan biridir. Qarşıdakı illərdə onun adını daha böyük yarışların qalibləri sırasında görməyi arzulayırıq.




