Enerji keçidi ixtisaslı kadrlara tələbat yaradır – Elnur Soltanov

9 Sentyabr, 2026 - 15:28
Enerji keçidi ixtisaslı kadrlara tələbat yaradır

Enerji keçidi yeni iş imkanları və ixtisaslı kadrlara tələbat yaradır.

"Azərbaycan müəllimi"  Trend-ə istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov bp və tərəfdaşlarının bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədli yeni sosial sərmayə layihəsinin təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, müasir dünyada siyasi və iqtisadi mənzərəni dəyişdirən əsas proseslərdən biri süni intellektdirsə, ikinci mühüm proses enerji keçididir.

“Enerji keçidi süni intellektdən də əvvəl başlayıb və hazırda yeni vüsət alaraq sürətlənir. Bu keçidin əsasını yaşıl enerji, nüvə enerjisi və xüsusilə bərpa olunan enerji mənbələrinə əsaslanan elektrifikasiya təşkil edir”, - deyə nazir müavini qeyd edib.

E. Soltanov bildirib ki, elektrifikasiya prosesinin mühüm istiqamətlərindən biri enerji şəbəkələrinin desentralizasiyasıdır.

“Əvvəllər böyük elektrik stansiyaları və mərkəzləşdirilmiş şəbəkələr mövcud idisə, hazırda enerji sistemlərində mərkəzsizləşmə prosesi gedir”, - deyə o əlavə edib.

Nazir müavininin sözlərinə görə, bərpa olunan enerji mənbələrinin əsas problemlərindən biri onların dəyişkən xarakter daşımasıdır.

“Bərpa olunan enerjinin ən böyük çətinliyi onun dəyişkən xarakteridir. Bu dəyişkənliyin idarə olunması elektrik şəbəkələri üçün böyük çağırışdır. Şəbəkələr müasir sivilizasiyanın ən mürəkkəb və təsiredici infrastrukturlarından biridir”, - E. Soltanov deyib.

O vurğulayıb ki, enerji keçidinin uğurla həyata keçirilməsi üçün elektrifikasiya, dəyişən və sabit cərəyan, transformatorlar və elektrik şəbəkələri üzrə texniki biliklərə malik ixtisaslı kadrlara böyük ehtiyac var.

“Şəbəkələrin modernləşdirilməsi olmadan yaşıl enerjiyə keçid mümkün deyil”, - deyə nazir müavini bildirib.

E. Soltanov qeyd edib ki, Azərbaycanda enerji istehsalında özəl sektorun və investorların iştirakı təşviq olunur.

“Dövlət tənzimləyici funksiyanı saxlayaraq özəl investisiyaların cəlb edilməsində maraqlıdır. Çünki elektrik stansiyalarının tikintisi, 25 illik tariflərin müəyyənləşdirilməsi, şəbəkəyə qoşulma və idarəetmə xərclərinin hesablanması ciddi ekspertiza tələb edir”, - deyə o bildirib.

Nazir müavini Azərbaycanda kiçik həcmli günəş enerjisi layihələri üçün də imkanların yaradıldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, hazırda hüquqi və fiziki şəxslərə 150 kilovata qədər gücə malik mini günəş elektrik stansiyaları quraşdırmağa hüquqi imkan yaradılıb. Bu isə təxminən 300 günəş panelinə bərabərdir.

“Bu sahə həm gəlir mənbəyi yaradır, həm də quraşdırma, texniki xidmət və idarəetmə istiqamətlərində mütəxəssislər üçün yeni iş imkanları açır”, - E. Soltanov vurğulayıb.