Eyni peşə liseyində oxuyan bacı-qardaşlar: "Bu, ikinci şansımız oldu"
Kərimli ailəsinin üç övladı – Gülçin, Fatimə və Sərxan hər səhər eyni evdən çıxır, eyni yol ilə eyni peşə məktəbinə gedirlər. Eyni liseyin tələbələri olan bu bacı-qardaşları birləşdirən həm də ailə dəstəyi, bir-birinə güvən və gələcək arzularına aparan ortaq yolun olmasıdır. Fərqli ixtisaslar seçsələr də, onları birləşdirən məqsəd eynidir - sevdikləri peşəni öyrənmək və öz gələcək həyatlarını qurmaq.
“Azərbaycan müəllimi” Ordubad Peşə Liseyinin bir ailədən olan tələbələri ilə söhbətləşib.
Maraqlıdır, eyni evdən çıxıb, eyni peşə məktəbində oxumaq necə hissdir? Tələbələr deyir ki, bu, olduqca maraqlıdır. Çünki hər gün eyni vaxtda evdən çıxmaq, eyni məktəbə getmək və bir yerdə olmaq onlara həm rahatlıq, həm də motivasiya verir.
Peşə məktəbinə getmək qərarını da ayrı-ayrılıqda veriblər. Birinin sənəd verməsi digərlərində də peşə təhsilinə maraq yaradıb və nəticədə hər üçü bu yolu seçib və hər üçü də liseyin 1-ci kurs tələbəsidir.
Onların ən böyüyü Fatimə Kərimovadır. 20 yaşlı Fatimə Liseyin “qənnadıçı-şirniyyatçı” ixtisasında təhsil alır. Uşaqlıqdan bu sahəyə marağı olduğunu bildirən Fatimə əvvəlcə bunu hobbi kimi düşünsə də, indi gələcək peşəsi kimi görür: “Praktiki bacarıqlarım daha güclüdür. Gələcəkdə öz şirniyyat evimi açmaq istəyirəm”.
Fatimə bacı-qardaşının uğurlarına həmişə sevindiyini deyir: “Onlar uğur qazandıqlarında sevinirəm, hətta sosial şəbəkələrdə paylaşım edirəm. Mən də bu məktəbdə yeni praktiki vərdişlər əldə etmişəm, yeni dostlar qazanmışam. Sevdiyim sahəni seçmək mənim üçün ikinci şans oldu və arzularımı bu diplomla gerçəkləşdirmək istəyirəm”.
Gülçin Kərimlinin isə 18 yaşı var və o “veb-dizayner və proqram təminatçısı” ixtisasını seçib. Deyir ki, kompüter bilikləri müasir dövrdə çox vacibdir və bu sahəyə hər zaman böyük marağı olub. O da nəzəri biliklərdə daha güclü olduğunu bildirir: “Biz evdə dərslərimizlə bağlı müzakirələr aparırıq. Lazım gələndə bir-birimizə kömək edirik. Çünki birimizin uğuru, hamımızın uğurudur. Ailəmiz isə bizi müqayisə etmir, hər birimizi olduğumuz kimi qəbul edir, fərdi yanaşır”.
Gülçin deyir ki, peşə məktəbi sayəsində yeni insanlar tanıyıb, dünyagörüşü artıb: “Burada müasir avadanlıqlarla işləmək imkanı əldə etmişəm. Düşünürəm ki, peşə təhsili hər kəs üçün ikinci şansdır və əmək bazarı üçün daha effektivdir”.
Ailənin ən balacası Sərxan Kərimli hələ 17 yaşındadır. Bacılarının peşə təhsilinə marağı onu da bu Liseyə gətirib. Sərxan “dəmiryolu stansiyasının növbətçisi” ixtisasını seçib. Sevdiyi sahə olduğunu və gələcəkdə iş imkanlarının daha geniş olacağını deyir. Özünü nəzəri biliklərdə daha yaxşı hesab edir: “Bu məktəb məsuliyyət hissimi artırıb, mənə yeni dostlar qazandırıb.Burada oxuyaraq həm diplom, həm də attestat əldə edəcəyəm. Bu, mənim üçün ikinci şansdır və məncə, hər kəs bu şansı haqq edir”.
O, sözlərinə davam edir: “Bu təhsil əldən qaçırmaq istəməyəcəyim bir fürsət oldu. İqtisadiyyat kollecində təhsilimi yarımçıq saxlayıb peşə təhsilini seçdim. Çünki o sahəyə həvəsim və marağım yox idi. Bu məktəb sevdiyim ixtisası oxumağım üçün mənə ikinci bir şans oldu. Burada əldə edəcəyim diplomla öz xəyal və arzularımı gerçəkləşdirəcəm”.
Ailələri də onların seçimlərini müsbət qarşılayıb və hər zaman övladlarının arxasındadırlar. Səhərlər birgə hazırlaşmaq, dərsdən sonra bir-birini gözləyib evə qayıtmaq onların gündəlik həyatını daha nizamlı edib. Bu yaxınlıq isə heç bir çətinlik yaratmır, əksinə onlara güc, motivasiya verir. Liseydə bir-birlərinə daha çox bacı-qardaş kimi yanaşdıqlarını deyən gənclər, bu məktəbi seçdikləri üçün çox məmnun olduqlarını bildirirlər.
Peşə təhsilini seçmək istəyən yaşıdlarına isə tövsiyələri də var. Onların fikrincə, peşə təhsili bir çox gənc üçün ikinci şansdır. “Sevdiyi sahəni tapmaq və öz arzularını gerçəkləşdirmək istəyən hər kəs bu fürsəti dəyərləndirməlidir”, – deyirlər.
Gülçin enerjili, Fatimə qərarsız, Sərxan sakit təbiətli biri olduğunu deyir. Bir ailənin üç övladı, ayrı xarakterlər və ayrı ixtisas seçimi. Ortaq olan isə eyni peşə məktəbini seçmələri, sevməkləri və gələcək həyatlarının parlaq keçməsi üçün oxuduqları peşə təhsilidir.



