Fariz İsmayılzadə: Təhsilə və tədqiqata xüsusi önəm verməliyik
“Təhsil sahəsində yeni texnologiyalar yaranır, süni intellekt inkişaf edir. Biz bu trendlərdən geri qalmamalıyıq. Ona görə də nə qədər dövlətimizi gücləndirmək, möhkəmləndirmək və təhlükəsiz etmək istəyirik, bu, bir o qədər sizdən — gənclərdən və bizdən asılıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri millət vəkili, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) fəxri sədri Fariz İsmayılzadə “2022-2028-ci illər üçün Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbirdə səsləndirib.
Deputat qeyd edib ki, hər zaman insan resurslarının inkişafına diqqət yetirməli, təhsilə və tədqiqata xüsusi önəm verməliyik: “Son 30 ildə Azərbaycan hökuməti hər zaman insan kapitalının, insan resurslarının inkişafına çox böyük önəm verib. Elə bizim böyük səylərimiz və iradəmiz də bu faktordan irəli gəldi ki, insan resurslarımız bütün sahələrdə — həm orduda, həm iqtisadiyyatda, həm də dövlət idarəçiliyində gücləndi və biz öz torpaqlarımızı azad edə bildik”.
F.İsmayılzadə bildirib ki, Milli Məclisin Elm və təhsil komitəsi xaricdə təhsil alan tələbələrlə mütəmadi görüşlərin tərəfdarıdır: “Biz mütəmadi müzakirələr aparmalıyıq: Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri necədir, hansı yolu keçmişik, hansı uğurlarımız var.
Məzunlar harada işləyir, hansı sektorlarda fəaliyyət göstərir və gələcəyə baxışımız nədir, gələcəkdə hansı planlarımız ola bilər, hansı kreativ istiqamətlər müəyyənləşdirilə bilər və s.”.



