Firudin Qurbanov: Əsas məqsəd təhsil, elm və istehsalat arasında inteqrasiyanın təminidir

25 Fevral, 2026 - 12:11
Firudin Qurbanov: Əsas məqsəd təhsil, elm və istehsalat arasında inteqrasiyanın təminidir

“Təhsil və elm sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə struktur islahatları həyata keçirilib və 2022-ci ildə 31 elmi müəssisə, eləcə də 4 elmi istehsalat  qurumu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının, elmi təşkilatlarının və ali təhsil müəssisələrinin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş Ümumi Yığıncaqda elm və təhsil nazirinin müavini deyib.

O qeyd edib ki, optimallaşma nəticəsində hazırda 15 elmi müəssisə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Əsas məqsəd təhsil, elm və istehsalat arasında inteqrasiyanın təmin olunmasıdır.

Nazir müavini bildirib ki, bu yanaşmaya uyğun olaraq 2024-cü ildən islahatların yeni mərhələsinə start verilib. İslahatlar çərçivəsində elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, elmi nəticələrin ali təhsil sisteminə inteqrasiyası və bir sıra institutların ali məktəblərin tərkibinə verilməsi həyata keçirilib.

F.Qurbanov vurğulayıb ki, qəbul olunan süni intellekt strategiyası da qarşıda mühüm vəzifələr müəyyənləşdirir. Bu istiqamətdə yeni layihələr üzərində iş aparılır, təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Nazir müavini  qeyd edib ki, ölkədə respublika və beynəlxalq səviyyəli fənn olimpiadaları keçirilir, yüksək nəticə göstərən şagirdlərin müsabiqəsiz ali təhsil müəssisələrinə qəbulu onların elmə marağının artırılmasına xidmət edir.

Firudin Qurbanov əlavə edib ki, təhsil, tədqiqat və innovasiyalar arasında əlaqələrin bundan sonra da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir və bu istiqamətdə sistemli tədbirlər davam etdiriləcək.