Gənc müəllimlər bu dəfə Tərtərdə bir araya gəldilər
Noyabrın 1-də Tərtər şəhəri Şikar Şikarov adına 5 nömrəli tam orta məktəbdə “Gənc müəllimlər: Suverenlik yolunda təhsil missiyası” adlı forum keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Forumun məqsədi gənc müəllimlərin milli-mənəvi dəyərlərə sadiq şəkildə təhsildə suverenlik missiyasını gücləndirmək, maarifləndirici və təşəbbüskar fəaliyyətlərini dəstəkləməkdir.
Forumun rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqlərində Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova gənc müəllimlərin ölkənin gələcək inkişafında oynadığı mühüm roldan danışıblar.
Forum çərçivəsində AGMA-nın sədr müavini, Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi Səltənət Qurbanova “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda çıxış edib. Spiker uşaq hüquqlarının qorunması, təhlükəsiz təhsil mühitinin yaradılması və müəllimlərin bu istiqamətdə məsuliyyətli yanaşmasının vacibliyini vurğulayıb.
Tədbir kollektiv foto ilə yekunlaşıb. Forum iştirakçıları bu kimi görüşlərin müəllimlərin peşəkar inkişafına, həmçinin gənc nəsildə milli ruhun güclənməsinə mühüm töhfə verdiyini bildiriblər.



