“Gənc qızların təhsilinə dəstək” layihəsinin inkişaf perspektivləri müzakirə edilib
12 may 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova gənc qızların təhsilinə dəstək məqsədilə həyata keçirilən layihələrin uzun illər formalaşmış ənənələrin davamı olduğunu və mühüm sosial missiya daşıdığını bildirib. “Gənc qızların təhsilinə dəstək” layihəsinin xüsusi əhəmiyyətini qeyd edən sədr Komitə ilə Fond arasında formalaşan yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində layihənin uğurla icra olunduğunu diqqətə çatdırıb. O, layihənin gələcəkdə daha geniş miqyasda, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi perspektivərindən danışıb.
İdarə Heyətinin sədri Nicat Məmmədli Fondun sosial və təhsil yönümlü, o cümlədən tələbələr üçün müxtəlif güzəştləri nəzərdə tutan layihələri barədə məlumat verib. Bu təşəbbüslərin gənclərin sosial rifahına və təhsil həyatına dəstək məqsədi daşıdığını qeyd edib. O, xüsusilə gənc qızların ali təhsil imkanlarının genişləndirilməsinə yönələn layihələrin Fondun prioritet istiqamətlərindən biri olduğunu bildirib.
Görüş zamanı layihə ilə bağlı planlar və gələcək inkişaf istiqamətləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi məqsədilə təkliflər səsləndirilib.



