Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb

15 Sentyabr, 2026 - 14:10
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb

Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə 15 sentyabr – Bilik Günü qeyd olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə şagirdlər, müəllimlər, valideynlər, şəhid ailələrinin üzvləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirak edən Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb, qarşıdakı dövrdə əldə olunan uğurların daha da artırılmasının vacibliyini vurğulayıb. Şagirdlərə müraciət edən fond sədri onların təhsilinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynadığını qeyd edib.

Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov yeni tədris ilində şagird və müəllimlərə uğurlar arzulayıb. O bildirib ki, təhsil sistemində yenilənmə prosesi davam edir. Beynəlxalq qiymətləndirmələrin nəticələri də Azərbaycanda təhsilin inkişafı istiqamətində görülən işlərin nəticələrini nümayiş etdirir.

İdarə müdiri yeni tədris ilinə hazırlıq çərçivəsində regionda 96 təhsil müəssisəsində cari və əsaslı təmir işlərinin aparıldığını diqqətə çatdırıb.

Məktəbin direktoru Sevda Həsənova əvvəlki tədris ilinin nəticələri və aparılan monitorinqlərin yekunlarından danışıb. Direktor bildirib ki, monitorinq nəticələri məktəbin qarşısında yeni hədəflər müəyyənləşdirməyə imkan verir. Onun sözlərinə görə, əldə olunan nəticələr əsasında yeni tədris ilində daha məqsədyönlü və uğurlu fəaliyyət göstərmək üçün müvafiq işlər həyata keçiriləcək.
Bilik Günü tədbirində şəhid ailələrinin nümayəndələri də çıxış ediblər. Şəhid Asif Qocayevin həyat yoldaşı Nərmin Qocayeva ailəsinin ağır günlərində məktəb kollektivinin göstərdiyi mənəvi dəstəyin əhəmiyyətini vurğulayıb.

Bilik Günü münasibətilə çıxış edən gənc müəllim İlahə Abbasova isə müəllimlik fəaliyyətinə başladığı ilk günün onun üçün xüsusi əhəmiyyət daşıdığını söyləyib. O, müəllimliyi yalnız peşə deyil, gələcək nəslin dünyagörüşünün formalaşdırılması və cəmiyyətə faydalı fərdlərin yetişdirilməsi missiyası kimi dəyərləndirib. Gənc müəllim  gələcək nəslin vətənpərvər, savadlı yetişdirilməsini özünün əsas məqsədlərindən biri kimi ifadə edib.

Qeyd edək ki, yeni tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 86 816 şagirdin təhsil alması gözlənilir. Onlardan 6801-i I, 7937-si IX, 7007-si isə XI sinif şagirdidir.

Məktəbəhazırlıq qruplarına 4613 beşyaşlının cəlb olunması nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinə isə 6656 uşaq cəlb edilib.

Regionun ümumi təhsil müəssisələrində 7659 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 531 tərbiyəçi-müəllim təlim-tərbiyə prosesinin həyata keçirilməsinə cəlb olunub. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində ümumilikdə 376 təhsil müəssisəsi fəaliyyət göstərir.

Yeni təmayüllü tədris modeli çərçivəsində 5 ümumi təhsil müəssisəsinin 1083 şagirdinin təhsili ilə 83 müəllim məşğul olacaq.

Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb