Gənclərin ən böyük karyera arzusu sahibkar olmaqdır – Araşdırma
Araşdırma göstərib ki, İngiltərə və Uelsdə 16–19 yaşlı gənclər arasında ən populyar karyera seçimi sahibkarlıqdır.
"Azərbaycan müəllimi" xəbər verir ki, nəticə İngiltərə və Uelsin məktəb və kolleclərində təhsil alan 672 şagird arasında aparılan "16–19 yaşlı gənclərin karyera motivasiyaları və müəllimlik peşəsinə münasibəti" adlı araşdırmada ortaya çıxıb.
Araşdırmaya əsasən, respondentlər arasında sahibkarlıq texnologiya, səhiyyə, müəllimlik və yaradıcı sənayelər kimi digər sahələri geridə qoyaraq ən çox arzulanan karyera istiqaməti olub.
Tədqiqat göstərib ki, gənclər peşə seçərkən ilk növbədə işin maraqlarına uyğun olmasına, onları həvəsləndirməsinə və bacarıqlarından istifadə etməyə imkan verməsinə üstünlük verirlər. İş təhlükəsizliyi və yüksək əməkhaqqı da vacib amillər sırasında yer alsa da, ümumi nəticələrə görə maaş əsas motivasiya hesab edilmir.
Bununla yanaşı, sahibkar olmağı planlaşdıran gənclər üçün yüksək gəlir əldə etmək digər respondentlərlə müqayisədə daha mühüm amil kimi qiymətləndirilib. Tədqiqat müəllifləri bildirirlər ki, bu onların yalnız pul qazanmaq istədiyini deyil, maliyyə imkanlarını sahibkarlığın mühüm üstünlüyü kimi gördüklərini göstərir.
Araşdırmada vurğulanır ki, əmək bazarının sürətlə dəyişdiyi şəraitdə məktəblər və ali təhsil müəssisələri gənclərə yalnız ənənəvi peşələrə hazırlıq deyil, həm də yaradıcılıq, riskləri qiymətləndirmək, fürsətləri müəyyənləşdirmək və dayanıqlılıq kimi sahibkarlıq bacarıqlarını qazandırmalıdır.
Tədqiqat müəlliflərinin fikrincə, universitet təhsili sahibkarlıq üçün faydalı bilik və peşəkar əlaqələr qazandırsa da, peşə təhsili və şagirdlik proqramları da biznes qurmaq və özünüməşğulluq üçün mühüm imkanlar yaradır. Bu səbəbdən təhsil sistemi gəncləri yalnız bir karyera yoluna deyil, müxtəlif peşə və məşğulluq formalarına hazırlamalıdır.




