"Gəncliyin inkişafı və müasir çağırışlar" mövzusunda görüş keçirilib
ADPU-nun Quba filialının və "Gənclərin Səsi" Könüllü Platformasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla gənclərin görüşü keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində keçirilən görüş gənclərin elmi, intellektual və mənəvi inkişafına hədəflənən əlamətdar hadisə kimi yadda qalıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan filialın direktoru, qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev Ceyhun Məmmədovu və qonaqları səmimi qəlbdən salamlayaraq filialda gənclərlə aparılan məqsədyönlü işlərdən geniş bəhs edib.
Direktor qeyd edib ki, bu gün ADPU-nun Quba filialı gənclərin böyük ideyalarının gerçəkləşdiyi mütərəqqi bir məkandır. Tələbələrin elmdə, idarəetmədə və sosial layihələrdə aktivliyi hər zaman tam dəstəklənir və filialda gənclərlə görülən işlər bundan sonra da uğurla devam etdiriləcək
Millət vəkili Ceyhun Məmmədov öz məruzəsində gənclərə gələcək fəaliyyətlərində yol göstərəcək dəyərli və əhatəli tövsiyələrini çatdırıb. O, qloballaşma dövründə milli-mənəvi dəyərlərə sadiqliyin, dövlətçilik prinsiplərinin qorunmasının və ideoloji hazırlığın hər bir gənc üçün prioritet olmalı olduğunu vurğulayıb. Millət vəkili gəncləri sosial şəbəkələrdən və informasiya resurslarından düzgün istifadə etməyə, xarici dilləri mükəmməl öyrənməyə, müasir çağırışlara cavab verən intellektual hazırlığa sahib olmağa və fasiləsiz mütaliəyə səsləyib. Bildirib ki, güclü şəxsiyyət və peşəkar mütəxəssis kimi formalaşmağın yeganə yolu elmdən, bilikdən və ölkəmizin inkişafı naminə əzmlə çalışmaqdan keçir.
Çıxışında ADPU-nun Quba filialındakı mövcud mühitə də yüksək qiymət verən millət vəkili burada formalaşan mütərəqqi idarəetmə sistemini, yüksək nizam-intizamı və peşəkar kadr hazırlığı prosesini xüsusi vurğulayıb. Ceyhun Məmmədov qeyd edib ki, filialda hökm sürən sağlam akademik mühit və müasir universitet təfəkkürü, burada tətbiq olunan düzgün idarəetmə strategiyası təkcə bilikli kadrlar deyil, eyni zamanda dövlətçilik təfəkkürünə sahib, nizam-intizamlı və cəmiyyətə faydalı vətəndaşlar yetişdirmək məqsədinə xidmət edir. Birgə kollektiv əməyin və uğurlu liderliyin bəhrəsi olan bu nizam tələbələrin həm elmi, həm də şəxsi inkişafı üçün mükəmməl bir zəmin yaradır.
Tədbirdə filialın sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, “Gənclərin Səsi” Platformasının sədri Telman Aslanlı, daxili işlər üzrə sədr müavini Nihad Babacanov və HR departamentinin rəhbəri Mülayim Möhsimova çıxış edərək gənclərin potensialı, gənclər siyasəti və gələcək layihələr barədə öz mülahizələrini bölüşüblər.
Tədbirin ən xoş və yaddaqalan anlarından biri isə millət vəkili Ceyhun Məmmədovun gənclərin mütaliəsinə və mənəvi zənginliyinə töhfə olaraq müəllifi olduğu dəyərli kitabları filialın kitabxana fonduna hədiyyə etməsi olub. Bu nəcib addım tələbələr və filial rəhbərliyi tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.
Nuray Şirinovanın moderatorluğu ilə keçən tədbirin sonunda interaktiv sual-cavab sessiyası və gənclər üçün maraqlı oyun təşkil olunub, xatirə fotosu çəkilib. Ümumilikdə gənclərin böyük marağına səbəb olan tədbir olduqca canlı və interaktiv fikir mübadiləsi fonunda keçib.
ADPU-nun Quba filialı olaraq gəncliyimizə göstərilən bu yüksək diqqətə, zəngin kitab töhfəsinə və dəyərli ziyarətə görə qonaqlarımıza dərin təşəkkürümüzü bildiririk!



