Hansı imtahan fənlərində nəticələr dəyişib?

24 İyun, 2026 - 10:39
Hansı imtahan fənlərində nəticələr dəyişib?

"Bu il Azərbaycan dili fənni üzrə nəticələr daha yüksəkdir. Bizi daha çox narahat edən isə riyaziyyat üzrə nəticələrdir. Xarici dillər üzrə nəticələrdə isə ildən-ilə yaxşılaşma tendensiyası müşahidə olunur. Digər fənlərdə də müəyyən dinamika var".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bəzi fənlərdə, xüsusilə fizika və coğrafiyada aşağı nəticələr qeydə alınır:

"Bu bizi təbii olaraq narahat edir. Bu məsələləri ekspertlərlə birlikdə araşdırırıq ki, səbəblər müəyyən edilsin: bu, dərsin keyfiyyəti ilə bağlıdır, proqramın çətinliyi ilə əlaqəlidir, yoxsa həmin fənlərə tədris prosesində kifayət qədər diqqət yetirilmir?"

M.Abbaszadə bildirib ki, əgər proqramda və ya kurikulumda hər hansı dəyişiklik aparılırsa, bu, imtahan prosesində də nəzərə alınmalıdır: "Bəzən bu dəyişikliklər keçid dövründə nəticələrdə müəyyən enmələrə səbəb ola bilər. Hər bir halda, belə dəyişikliklərin və nəticə fərqlərinin konkret səbəbləri mövcuddur və bunlar ayrı-ayrılıqda təhlil edilir".