Hansı peşələrə tələbat olacaqsa, o istiqamətdə kadr hazırlanmalıdır - Nazir müavini
"Gələcəyin bacarıqları" layihəsi ölkənin gələcək uğurlu inkişafı üçün mühüm layihədir. Gələcəkdə hansı bacarıqların tələb olunacağını indidən demək çətindir. Elm və texnologiyalar sürətlə inkişaf edir. Ancaq təhsil sistemi texnologiyaları qabaqlamır. Təhsil sistemi gələcəkdə hansı peşələrə tələbat olacaqsa, o istiqamətdə kadr hazırlamalıdır.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində təşkil olunan IV "TUSİ" inkubasiya proqramının “Demo Day” tədbirində çıxış edərkən deyib.
Nazir müavini qeyd edib ki, tələbələr məzun olduqdan sonra əmək bazarında iş axtarırlar: "Elə universitetlərin tələbələri var ki, onları əmək bazarı artıq axtarır. Bu gün dünyanın böyük universitetləri gələcək üçün necə məzun hazırlamağı düşünür. Tələbə universiteti bitirdikdən sonra iş axtarmamalıdır, iş yeri açmalıdır. Buna nail olmaq çətindir, ona görə də innovasiyaları reallaşdırmağın çox böyük əhəmiyyəti var. Tələbələrdə kreativ düşüncə, ideyaların məhsula çevrilməsi, adaptasiya prosesi formalaşmalıdır".



