Hər yaş mərhələsi üzrə söz ehtiyatı müəyyənləşdirilə bilər – Mehriban Vəliyeva
“Müasir dövrdə cəmiyyətlər yalnız iqtisadi və texnoloji inkişafı ilə deyil, həm də mədəni inkişafın gücləndirilməsi ilə irəliləyir. Mədəniyyət insanın düşüncə tərzini, davranışını, ünsiyyət dilini və dəyərlər sistemini formalaşdıran əsas amillərdəndir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri millət vəkili Mehriban Vəliyeva Milli Məclisin bugünkü plenar iclasında Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Deputat mədəniyyət və təhsil sahəsinin inteqrasiyasının əhəmiyyətindən danışaraq bildirib ki, “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasında Azərbaycan dilinin inkişafı, nitq mədəniyyəti, davranış mədəniyyəti, bilik-mədəniyyət kimi anlayışların önə çəkilməsi xüsusi əhəmiyyət daşıyır: “Bu hədəflərin həyata keçirilməsi isə təhsil sisteminə inteqrasiya edilmədən, təbii ki, mümkün deyil.
Qloballaşma dövründə dəyərlər sistemində müəyyən aşınmalar, rəqəmsal mühitdə davranış problemləri, gənclər arasında hüquqi-etik mədəniyyətin zəifləməsi kimi tendensiyalar müşahidə olunur. Bu vəziyyəti yeni təhsil-mədəniyyət modelinin formalaşdırılması zəruridir”.
M.Vəliyevanın fikrincə, bugünkü plenar iclasda müzakirə olunan “Mədəniyyət haqqında” qanuna mədəniyyət və təhsil sisteminin əməkdaşlığını nəzərdə tutan ayrıca maddənin əlavə olunması məqsədəmüvafiq sayılır: “Bu, təhsil müəssisələri ilə mədəniyyət qurumları arasında institusional əməkdaşlığı gücləndirə, mədəni tərbiyənin sistemli şəkildə təşkilinə imkan yarada bilər. Konsepsiyada qeyd olunduğu kimi, Azərbaycan Respublikasının mədəniyyət siyasəti dövlət siyasətinin tərkib hissəsi olmaqla, milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətin tərbiyəvi potensialına və şəxsiyyətin formalaşması prosesində mədəniyyətin roluna əsaslanır. Bu fikir mədəniyyətin yalnız bir sahə deyil, həm də şəxsiyyətin formalaşmasında mühüm vasitə olduğunu göstərir”.
Millət vəkili söyləyib ki, təhsil sistemində mədəni dəyərlərin, mədəni davranışın, mədəni ünsiyyətin yaş xüsusiyyətlərinə uyğun olaraq konkret meyarlarla yenilənməsi və inteqrasiyası bu istiqamətdə vacib addımlardan biri ola bilər: “Xüsusilə də ilkin mədəniyyətin inkişafı üçün hər yaş mərhələsi üzrə söz ehtiyatının müəyyənləşdirilməsi və normativ söz bazasının formalaşdırılması mühüm əhəmiyyət kəsb edə bilər.
Beynəlxalq təcrübədə belə yanaşmalar mövcuddur. Elə ölkələr var ki, məktəbəqədər təhsildən başlayaraq ali təhsil səviyyəsinə qədər tələb olunan söz ehtiyatı normativ şəkildə müəyyən edilir. Elə ölkə var ki, bu, 71 000 sözdür, elə ölkə var ki, bu, 42 000-dir, 25 000 olanlar da var və s. Bu cür yanaşma təhsil proqramlarının hazırlanmasında, onların koordinasiyasında və ümumilikdə dilin inkişafında mühüm rol oynaya bilər.
Çünki bu istiqamət tədqiqat tələb edən sahədir. Həm də söz tezliyinin formalaşdırılması, onun əsasında lüğətlərin hazırlanması, aktiv və passiv söz ehtiyatının işlənməsi məsələsi də diqqət mərkəzində ola bilər. Düşünürəm ki, bunlar inkişaf üçün ən mühüm amillərdən hesab edilə bilər”.



