“Həyəcana qalib gəldim” - Son saniyələrdə çempion oldu
Məktəblilərin Respublika İdman Olimpiadasında Göygöl rayonunu təmsil edən yeniyetmə güləşçi Ülvi Qurbanzadə sərbəst güləş üzrə 41 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Olimpiadanın qalibi olub.
Göygöl rayon Nadil kənd tam orta məktəbinin şagirdi, 2013-cü il təvəllüdlü Ülvi Qurbanzadə çempionluq həyəcanını “Azərbaycan müəllimi” ilə bölüşüb.
Şəxsi məşqçisi Hafiz Abdullayevin rəhbərliyi altında yarışa hazırlaşan yeniyetmə idmançı çempionluğun ən yaddaqalan anının final görüşünün son saniyələri olduğunu deyir: “Final görüşündə son 3 saniyə qalmış qələbə qazandım. Düşündüm ki, məğlub olmuşam, şokda idim. Sonra müəllimlərimə baxdım, gördüm onlar çox sevinirlər. Qaça-qaça gəlib məni öpərək qələbə qazandığımı söylədilər. Həmin vaxt çox sevinirdim, çünki bu yarışa çox yaxşı hazırlaşmışdıq. İlk dəfə idi belə böyük yarışda çempion olurdum”.
Ülvinin sözlərinə görə, güləşə olan marağı ailəsindən qaynaqlanır: “Sərbəst güləşə marağım ailədən yaranıb. İki əmim və atam gənc vaxtlarında indiki müəllimim Hafiz Abdullayevin yanında güləşlə məşğul olublar”.
Yarışdan əvvəl həyəcan keçirsə də, məşqçilərinin və müəllimlərinin dəstəyi ona inam verib: “Bəli, həyəcan var idi yarışdan əvvəl. Sağ olsun müəllimlərim, məni çox yaxşı həvəsləndirirdilər. Deyirdilər ki, sən çox güclüsən, özünə inan, heç kimdən zəif deyilsən, çempionluğa gəlmişik. Döşəyə çıxdığım vaxta qədər həyəcan var idi. Ancaq güləşməyə başlayandan sonra həyəcana qalib gəldim və necə udacağımı fikirləşdim. Şükürlər olsun ki, qazandım”.
Çempionun sözlərinə görə, yarışın bütün mərhələləri kifayət qədər gərgin keçib: “Yarışda demək olar ki, bütün görüşlərim çətin keçdi. İkinci mərhələdə son saniyələrdə xal alaraq 13:10 hesabı ilə qalib gəldim. Final görüşündə isə 10 saniyə qalmış xal hesabında geriyə düşdüm. Ancaq özümü itirmədim, 3 saniyə qalmış qələbəni qazandım. Son 10 saniyə mənim üçün çox çətin keçdi”.
Təhsil və idmanı paralel şəkildə davam etdirməyin müəyyən çətinlikləri olduğunu bildirən Ülvi məktəb rəhbərliyinin dəstəyini xüsusi qeyd edir. Məktəblilərin Respublika İdman Olimpiadasındakı uğurunu bu günədək qazandığı ən böyük nailiyyət hesab edən gənc güləşçi bunun xüsusi əhəmiyyət daşıdığını vurğulayır: “Bu günə qədər qazandığım ən böyük uğur elə bu yarış - Məktəblilərin Respublika İdman Olimpiadası oldu. Çünki ilk dəfə idi belə bir yarış Azərbaycanda keçirilirdi. Çox sevinirəm ki, ilk dəfə keçirilən yarışda birinci yeri tutdum”.
Ülvi Qurbanzadə gələcək planlarının böyük olduğunu deyir. O, beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etməyi qarşısına məqsəd qoyub: “Qarşımdakı hədəflər çox böyükdür. Özümə çox inanıram. Azərbaycandan kənarda da ölkəmizi, bayrağımızı yüksək səviyyəli yarışlarda təmsil etmək istəyirəm. Hər idmançının arzusu olduğu kimi mən də gələcəkdə Toğrul Əsgərov, Hacı Əliyev, Namiq Abdullayev kimi Olimpiya, Avropa və dünya çempionu olmaq istəyirəm. Bunun üçün də şəxsi müəllimimlə hazırlaşacağam”.
Güləş meydanında qətiyyət nümayiş etdirən Ülvi gündəlik həyatda isə sakit təbiətli olduğunu bildirir: “Əslində normal olaraq sakit və səssiz bir xasiyyətim var. Dava etməyi xoşlamıram”.




