İctimai iştirakçılıq və şəffaf idarəetmə: Güclü əməkdaşlıq güclü nəticələr deməkdir

16 İyun, 2026 - 11:09
İctimai iştirakçılıq və şəffaf idarəetmə: Güclü əməkdaşlıq güclü nəticələr deməkdir

Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyi yalnız qəbul edilən qərarlarla deyil, həmin qərarların hazırlanması və icrası prosesinə vətəndaşların nə dərəcədə cəlb olunması ilə də ölçülür. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, ictimai iştirakçılıq nə qədər güclü olarsa, dövlət-vətəndaş münasibətləri bir o qədər sağlam və etibarlı olur. Bu baxımdan korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

İctimai şuralar məhz bu əməkdaşlığın ən mühüm platformalarından biridir. İctimai şuralar dövlət qurumları ilə cəmiyyət arasında körpü rolunu oynayaraq vətəndaşların fikir və təkliflərinin qərarvermə prosesinə çatdırılmasına imkan yaradır. Eyni zamanda, ictimai nəzarət mexanizminin gücləndirilməsi şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi olaraq fəaliyyətim dövründə bir daha əmin olmuşam ki, vətəndaşların, müəllimlərin, valideynlərin, təhsil ekspertlərinin və qeyri-hökumət təşkilatlarının proseslərə cəlb olunması qəbul edilən qərarların keyfiyyətinə müsbət təsir göstərir. Təhsil sahəsində həyata keçirilən bir çox təşəbbüslərin müzakirəsində müxtəlif maraq qruplarının iştirak etməsi həm qərarların daha dolğun formalaşmasına, həm də ictimai etimadın güclənməsinə şərait yaradır.

Bu gün ictimai şuraların qarşısında duran əsas vəzifələrdən biri yalnız mövcud problemləri səsləndirmək deyil, eyni zamanda həll yollarının hazırlanmasına töhfə verməkdir. İctimai şuralar vətəndaş cəmiyyəti institutları ilə birgə fəaliyyət göstərdikdə daha geniş auditoriyanı əhatə edə, cəmiyyətin müxtəlif təbəqələrinin mövqeyini öyrənə və dövlət qurumlarına daha əsaslandırılmış təkliflər təqdim edə bilirlər.

Korrupsiyaya qarşı mübarizədə də ictimai iştirakçılığın rolu danılmazdır. Şəffaflığın təmin olunması, vətəndaş müraciətlərinin operativ araşdırılması, ictimai monitorinqlərin təşkili və maarifləndirmə tədbirlərinin keçirilməsi bu istiqamətdə mühüm nəticələr verir. Beynəlxalq təcrübə göstərir ki, yalnız inzibati mexanizmlər deyil, həm də güclü ictimai nəzarət korrupsiya risklərinin azaldılmasında mühüm rol oynayır.

Hesab edirəm ki, qarşıdakı dövrdə dövlət orqanlarında ictimai iştirakçılığın daha da genişləndirilməsi, ictimai şuraların institusional imkanlarının artırılması və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın yeni formatlarda inkişaf etdirilməsi vacib istiqamətlərdən biri olacaqdır. Bunun üçün rəqəmsal platformaların imkanlarından daha geniş istifadə olunmalı, ictimai müzakirələrə vətəndaşların çıxışı asanlaşdırılmalı və ictimai təşəbbüslər daha çox dəstəklənməlidir.

Şəffaf, hesabatlı və vətəndaşyönümlü idarəetmənin qurulması dövlətlə cəmiyyət arasında qarşılıqlı etimada əsaslanır. Bu etimadın formalaşmasında isə ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti əvəzsiz rol oynayır. İnanıram ki, dövlət qurumları, ictimai şuralar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın daha da gücləndirilməsi ölkəmizdə yaxşı idarəetmənin və şəffaflığın inkişafına mühüm töhfə verəcəkdir.

Günay Əkbərova,
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi