İdris İsayev: İnsan kapitalının formalaşdırılması prioritet istiqamətlərdəndir 

15 May, 2026 - 10:45
İdris İsayev: İnsan kapitalının formalaşdırılması prioritet istiqamətlərdəndir 

“İnkişaf etmiş ölkələr elmə, təhsilə, innovasiyalara və texnologiyalara daha çox yatırım edirlər. Çünki onlar bunun əhəmiyyətini anlayır və məhz bu səbəbdən həmin ölkələr texnoloji baxımdan öndədirlər”.

“Azərbaycan müəllim” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” beynəlxalq konfransında səsləndirib. 

Nazir müavini qeyd edib ki, yalnız iqtisadi imkanlar iqtisadi inkişafı və cəmiyyətin inkişafını təmin etmir: “Bu məqamda mən sizin diqqətinizi ölkə başçısının Azərbaycan–İtaliya Universitetinin tədris binasının açılışı zamanı səsləndirdiyi bəzi fikirlərə yönəltmək istəyirəm.

Açılış zamanı ölkə başçısı qeyd etmişdir ki, inkişaf etmiş ölkələrin inkişaf göstəricisini müəyyən edən məhz onların təbii resursları deyil, həmin ölkələrdə formalaşan bilik, təhsil və texnologiyadır. Təbii resurslar yalnız qısamüddətli inkişafı təmin edə bilər. Uzunmüddətli inkişafı təmin etmək üçün isə ilk növbədə təbii resurslardan əldə edilən gəlirlərin insan kapitalına, təhsilə və texnologiyalara yönəldilməsi zəruridir”.

İdris İsayevin sözlərinə görə, bu gün insan kapitalının formalaşdırılması ölkəmizin prioritet istiqamətlərindən biridir: “Ölkə başçısı tərəfindən təsdiq edilən 5 prioritet istiqamətdən biri məhz rəqabətqabiliyyətli insan kapitalı və müasir innovasiya məkanı ilə bağlıdır. Qəbul edilmiş qərarlar, strategiyalar və dövlət proqramları çərçivəsində bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir və bu tədbirlərin icrası davam edir”.