İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir

11 İyun, 2026 - 16:28
İdris İsayev: Məqsədə çatmağın yolu daimi öyrənməkdir

"Bugünkü qaliblərin nailiyyətlərinin arxasında əmək, yuxusuz gecələr və möhkəm iradə dayanır. Bu gün sizə veriləcək medallar önəmlidir, amma ən önəmlisi sizin əldə etdiyiniz düşüncə tərzidir. Bu zalda aranızda gələcəyin alimləri, dövlət xadimləri əyləşib.  Əminəm ki, gələcəkdə elmin inkişafına öz töhfənizi verəcəksiniz".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Respublika fənn olimpiadalarının (RFO) qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O qeyd edib ki, bu gün ölkəmizin ən istedadlı şagirdlərinin nailiyyətlərini qeyd etmək üçün toplaşılıb:
“Onların valideynlərini səmimi-qəlbdən təbrik edirəm. Bu toplantı eyni zamanda biliyin bir bayramı kimi qeyd edilir. Şagirdlərimizin uğurlu nəticələri hamımızı sevindirir. Bu zalda əyləşmiş hər bir şagird sübut etdi ki, qarşıya qoyulmuş məqsədə çatmağın yolu daimi öyrənməkdir”.

Nazir müavini qeyd edib ki, dövlətin sərvəti eyni zamanda onun insan kapitalı ilə ölçülür:
"RFO tək yarış deyil. Azərbaycan Prezidenti  İlham Əliyevin siyasəti nəticəsində təhsil və insan kapitalı əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu sahədə çox ciddi addımlar atılıb".

İ.İsayev bildirib ki, hər bir nailiyyətin arxasında müəllim əməyi, peşəkarlığı durur:
"Müəllimləri təbrik edərək bildirmək istəyirəm ki, onların əməyi burada əvəzedilməz rol oynayır.  Bir daha RFO qaliblərinə bildirmək istəyirəm ki, bu sizin həyatınızda son nailiyyət olmamalıdır. Bu, daha çox gələcək nailiyyətlərinizin başlanğıcı olmalıdır. Qarşıda sizi beynəlxalq olimpiadalar, nüfuzlu ali təhsil müəssisələri gözləyir. Ölkəmizin inkişafı sizin vətənə bağlılığınızdan asılıdır. Bir daha qaliblərimizi, onların valideynlərini və müəllimlərini təbrik edirəm".