İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

9 İyun, 2026 - 20:21
İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev 2023-cü ildən İğdır şəhərində fəaliyyət göstərən “Şuşa” uşaq bağçasını ziyarət edib.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadla xəbər verir ki, baş konsul məktəbəqədər təhsil müəssisəsinə Azərbaycanın mədəni paytaxtı olan Şuşanın adının verilməsindən məmnunluğunu ifadə edib. O, həmçinin bağçadakı siniflərdən birinə bundan sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adının verilməsini yüksək qiymətləndirib.

Baş konsulu səfər zamanı Türkiyə Dövlət Qulluqçuları Fondunun (TÜRKAV) İğdır nümayəndəliyinin rəhbəri Qurban Parlar və “İğdır Azərbaycan Evi” Cəmiyyətinin sədri Sərdar Ünsal müşayiət ediblər.

Uşaq bağçasının direktoru İmran Turhan iştirakçılara təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, TÜRKAV-ın təşəbbüsü ilə burada Mübariz İbrahimovun adını daşıyan otaq yaradılıb.

Baş konsul uşaqlarla söhbət edib, bu mühüm təşəbbüsün həyata keçirilməsinə görə TÜRKAV-a təşəkkürünü bildirib.

Q.Parlar öz növbəsində Türkiyə vətəndaşlarının yeni nəslinin Türk dünyasının qəhrəmanları ilə tanış olmasının vacibliyini vurğulayıb və qeyd edib ki, Mübariz İbrahimov həmin qəhrəmanlardan biridir.

“Türk dünyasının haqlı olaraq qürur duyduğu qəhrəmanlardan biri olan Mübariz İbrahimov gənclərə nümunə göstərilir. Uşaqlarımızın Azərbaycanın qəhrəmanlıq, qardaşlıq və tarix səhifələri haqqında ən erkən yaşlarından məlumatlı olmasını istəyirik”, – deyə Türkiyə fondunun nümayəndəsi bildirib.

S.Ünsal isə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin gündən-günə möhkəmləndiyini vurğulayıb.

“Bizim hər birimiz “Bir millət, iki dövlət” kəlamının sadiq tərəfdarı və davamçısıyıq. Bu gün İğdırda Heydər Əliyev adına liseyin, “Şuşa” uşaq bağçasının və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş “Qarabağ” uşaq bağçasının fəaliyyət göstərməsi sevindirici haldır. Şəhərimizdə, həmçinin Prezident İlham Əliyevin adını daşıyan bulvar və Ulu Öndər Heydər Əliyev adına park yerləşir. İğdır sakinləri hər zaman Azərbaycanın yanında olublar və bundan sonra da olacaqlar”, – deyə o qeyd edib.