İkinci cəhddə başqa ixtisas qrupu seçənlərin sayı azdır – Məleykə Abbaszadə
“İxtisas seçimi öncəsi dəfələrlə qeyd edirdik ki, ötən ilin keçid balı builki keçid balının göstəricisi və ya təminatı kimi qəbul edilməməlidir. Keçid balı əvvəlcədən müəyyən edilmir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, keçid balı konkret ildə həmin ixtisasa neçə nəfərin, hansı nəticələrlə müraciət etməsindən və neçə plan yerinin olmasından asılı olaraq müsabiqənin sonunda formalaşır:
“Burada başqa mühüm bir imkan da var. Artıq uzun illərdir ki, abituriyentlər iki dəfə qəbul imtahanında iştirak edə və müəyyən şərtlər daxilində ikinci cəhddə başqa ixtisas qrupu üzrə imtahan verə bilirlər. Lakin bu imkandan istifadə edənlərin sayı azdır. Birinci nəticə son deyil, amma o, hazırlıq səviyyəsi, güclü və zəif tərəflər barədə ciddi məlumatdır. İkinci cəhd yalnız “bu dəfə mütləq daha yüksək bal toplayacağam” ümidi deyil, strategiyanı yenidən qiymətləndirmək imkanı olmalıdır”.




