“İlk günlər çətin idi, amma buranı sevdik” – Pakistanlı tələbələr
Bu gün NDU-nun auditoriyalarında təkcə azərbaycanlı gənclər yox, Türkiyə, İran, Nigeriya, Cənubi Koreya, Tanzaniya, Ruanda, Mərakeş, Almaniya və Pakistandan gələn tələbələr də əyləşirlər. Uzaqlıq onların heç birinin təhsil almağına mane deyil. Elə hazırda qrup və otaq yoldaşı olan pakistanlı tələbələr kimi.
“Azərbaycan müəllimi” bu dəfə həmin gənclərlə söhbətləşib.
Talha Muhammad Khan və Tamjeed Javad Ullah Pakistanın Peşaver şəhərindən gəliblər və hazırda Tibb fakültəsinin (tədrisi ingilis dilində olan) 3-cü kurs tələbələridir.
Həm ödənişli əsaslarla oxuyur, həm də yataqxanada qalmaq üçün müəyyən miqdarda pul ödəyirlər. Bu məbləğlərlə başqa universitetləri, başqa şəhər və ölkələri seçib orada oxuya bilərdilər. Amma onları bura həm yaxşı təhsil sistemi, həm də doğmalıq gətirib. Bunu biz yox, özləri deyir: “Azərbaycan bizim qardaş ölkəmizdir, ona görə də Naxçıvanı seçdik”.
Nə üçün tibb ixtisasını seçdiklərinə gəlincə, insanlara kömək etmək istədiklərini və Pakistanda həkimə çox hörmət olunduğu üçün bu sahəni seçdiklərini deyirlər. Onlar 6 tədris ilini artıq yarılayıblar.
Muhammad Khan deyir ki, Azərbaycanın insanları çox yaxşıdır: “Burada dostlarım çoxdur, qrupumuzda olan azərbaycanlı tələbələr bizə hər zaman kömək edirlər. Müəllimlərimiz də ixstisaslı, çox məlumatlıdırlar. Burada xəstəxanalarda praktikada da oluruq”.
Maraqlıdır ki, Muhammad Khanın gələcək planlarında burada qalıb qalıb işləmək var.
Tamjeed Javad Ullah xalqımızı çox sevdiyini deyir: “Çünki Azərbaycan qardaş ölkədir. Naxçıvanılar bizi sevir, hörmət edir, evlərinə qonaq aparırlar”.
Pakistan isti yerdir, Naxçıvanın iqlimi isə sərtdir. Bununla bağlı hansı problemlərlə rastlaşdıqlarını soruşuruq. Javad Ullah deyir ki, ilk dəfə fevralda buraya gələndə hava qarlı və soyuq olub, ona görə də bir az çətinlikləri yaranıb: “Daha sonra buranın iqliminə, təbiətinə öyrəndik və buranı sevdik. Şəhərimiz uzaqdır deyə tez-tez gedib gələ bilmirik. Amma hər gün telefonla ailəmizlə danışırıq, darıxmırıq”.
Təkcə universitetdə deyil, şəhərdə də onları çox sevirlər. Deyirlər ki, pakistanlı olduqlarını biləndə hər kəs yaxşı qarşılayır, hətta bəziləri şəkil də çəkmək istəyir. Onları həm də sırf cümə günü geyindikləri milli paltarlarla da tanımaq olar.
Muhammad Khandan fərqli olaraq, Tamjeed Javad Ullah təhsilini başa vurduqdan sonra Pakistana öz şəhərinə qayıdıb orada həkim kimi çalışmaq istəyir.
Onlar artıq dostlarını da Naxçıvanda oxumağa həvəsləndiriblər. Məhz tövsiyələri ilə yaxın günlərdə iki dostu burda təhsil almağa gələcək.
Demək ki, elmin işığı hər yerdən görünür. Naxçıvanda parıldayan təhsil ocağı isə əcnəbi tələbələri özünə cəlb etməkdədir.


