“Sanki öz ölkəmdəyəm” – Naxçıvanda təhsil alan türkiyəli tələbələr

14 İyul, 2026 - 10:01
“Sanki öz ölkəmdəyəm”

Bəzən bir şəhər insan üçün sadəcə təhsil aldığı yer olmur. O şəhər zamanla tanış küçələrə, doğma insanlara, gündəlik həyatın bir hissəsinə çevrilir. Naxçıvan Dövlət Universitetində təhsil alan türkiyəli tələbələr üçün də Naxçıvan artıq belə bir məkan olub.
“Azərbaycan müəllimi” bu tələbələrlə söhbətləşib. 

Tekirdağ şəhərindən olan Emrə Bayraqçeken deyir ki, universitet seçimi zamanı əsas meyarlardan biri dil və mədəni yaxınlıq olub:

“Azərbaycan bizim qardaş ölkəmizdir. “Dilimizin yaxın olması burada təhsil almağı mənim üçün daha rahat edəcək”, - deyə düşünürdüm. Bundan əlavə, burada oxuyan türk tələbələrlə danışmışdım. Onlar Naxçıvanın gözəl, sakit və yaşamaq üçün əlverişli yer olduğunu, xüsusilə tibb təhsilinin yaxşı təşkil edildiyini söyləmişdilər. Mən də onların tövsiyəsi ilə Naxçıvan Dövlət Universitetini seçdim”.

Hazırda  ikinci kursu bitirən tələbə qeyd edir ki, bir il hazırlıq mərhələsi keçib. Naxçıvanla ilk tanışlığı isə gözləntilərindən fərqli olub, burada özünü heç vaxt yad hiss etməyib:

“Azərbaycana daha əvvəl gəlməmişdim. Açığı, fərqli mühit gözləyirdim. Amma buraya gəldikdən sonra gördüm ki, sanki öz ölkəmdəyəm. İnsanların münasibəti çox isti və səmimidir. Hətta bəzən elə olur ki, burada gördüyüm davranışlar mənə ailəmi xatırladır”.

Onun fikrincə, Naxçıvanın ən böyük üstünlüklərindən biri təhlükəsizlik və sakit həyat tərzidir:
“Burada səs-küy yoxdur, dava-dalaş yoxdur, insanlar bir-birinə hörmətlə yanaşır. Tekirdağ böyük və daha izdihamlı şəhərdir, amma Naxçıvanda fərqli bir sakitlik və nizam var”.


Tələbə boş vaxtlarında bölgələri gəzməyə də üstünlük verir. O, Ordubad, Şahbuz, Batabat, Şərura səfər etdiyini, Əlincə qalasına qalxdığını, kəndləri gəzərək bölgəni daha yaxından tanımağa çalışdığını deyir. Təhsilini başa vurduqdan sonra gələcəklə bağlı planlarında Naxçıvan da yer alır:

“Əgər gələcəkdə burada işləmək imkanı olsa, Naxçıvanda qalmağı və çalışmağı düşünərəm. Mən buranı həqiqətən sevirəm. Son dövrlərdə dermatologiya sahəsinə marağım artıb”.

Ailə üzvlərinin hələ onu ziyarət etmədiyini deyən tələbə bildirir ki, yay aylarında gəlməyi planlaşdırırlar. Türkiyədəki dostları da onun paylaşdığı şəkillər vasitəsilə Naxçıvana maraq göstərirlər.

Azərbaycanlı tələbələrlə münasibətlərini isə xüsusi vurğulayır:

“Bir-birimizə dəstək oluruq. Tələbə məsuliyyətli olduqda təhsil prosesində problem yaşanmır”.

Mətbəx və gündəlik həyata uyğunlaşmaqda da çətinlik çəkmədiyini deyən tələbə bunu ortaq mədəniyyət və oxşar həyat tərzi ilə əlaqələndirir:

“Naxçıvan yaşamaq üçün gözəl yerdir. Burada olmaqdan məmnunam və burada təhsil almağı başqa tələbələrə də tövsiyə edə bilərəm”.
  
“Naxçıvanda oxumaq qərarını verdim”

NDU-nun Tibb fakültəsinin 3-cü kurs tələbəsi Türkiyənin Kocaeli şəhərindən olan Oğuzhan Karabacaq 4 ildir ki, buradadır.  “Nə üçün məhz Naxçıvanı seçdiniz?” sualına isə səmimi cavab verir: 

“Mən xüsusilə tibb təhsili almaq istəyirdim. Bir tanışımız vasitəsilə öyrəndik ki, Azərbaycanda, xüsusilə Naxçıvanda bu sahə üzrə yaxşı imkanlar var. Buraya gəldik, gördük, insanlarla danışdıq və bəyəndik. Ondan sonra burada oxumağa qərar verdim. Açığı, bu qərarda həmin tanışımızın tövsiyələrinin də böyük rolu oldu. Bir üstünlük də o idi ki, Naxçıvan Türkiyəyə yaxındır. Dil də yaxın olduğu üçün uyğunlaşmaq bizim üçün daha rahat olur”.


Dərs prosesi isə maraqlı və öyrədici keçir: 

“İlk mərhələdə dərslər daha çox nəzəri şəkildə olur. Müəllimlər təqdimatlar və materiallar vasitəsilə dərsi izah edirlər. Sonra seminarlar və klinik mərhələyə keçid başlayır. Klinik mərhələdə xəstəxanalarda, xəstələr üzərində müşahidə və təcrübə aparılır. Bu ildən etibarən bizim də praktik mərhələmiz başladı. Müəllimlərimizlə birlikdə xəstəxanalara gedirik, müşahidələr aparırıq. Hətta məktəblərdə tibbi baxış proseslərində iştirak etdiyimiz vaxtlar da olub. Əgər öyrənmək istəyi varsa, müəllimlə ayrıca danışıb boş vaxtlarında da əlavə təcrübə qazanmaq mümkündür”.

 Azərbaycanlı tələbələrin hamısını çox sevdiyini deyir: 

“Çox yaxşı münasibətimiz var. Dərs mövzularında bir-birimizə kömək edirik, seminarlara birlikdə hazırlaşırıq. Məncə, bizim üçün üstünlüklərdən biri də dil və mədəniyyət yaxınlığıdır. Bir-birimizi demək olar ki, tam anlayırıq. Adətlərimiz də bir-birinə yaxındır. Bu səbəbdən uyğunlaşmaq çətin olmadı”
Naxçıvan isə ona doğmadır:

“Naxçıvan mənim çox xoşuma gəlir. Mən sakit və rahat yerləri sevirəm. Burada səs-küy azdır, şəhər daha sakitdir. Havası da gözəldir. Dostlarla parklarda oturmaq, piknik etmək olur. Kocaeli çox böyük şəhərdir, ən çox da nəqliyat sıxlığı yorucudur. Bir yerdən başqa yerə getmək saatlar çəkir. Burada isə 15 dəqiqəyə demək olar hər yerə çatmaq mümkündür.

Şərura, Ordubada getmişəm. Hazırlıq dövründə universitet bizi müxtəlif yerlərə aparmışdı. Əshabi-Kəhfi də görmüşük. Çox xoş təəssüratlarım qalıb”.

Ailəsi uzaq olsa da, dostlarının ailəsi tez-tez onu qonaq edir. Ona görə də mətbəximizi yaxından tanıyır: 
“Burada bəzi yeməklər mənə maraqlı gəldi. Məsələn, plovun içində şabalıd, ərik kimi əlavələr olur. Açığı, çox bəyəndim”.

Gələcək planlara gəlincə isə təhsili bitirdikdən sonra  ABŞ və ya Kanadada rezidenturada oxumaq istəyir: 
“Əgər alınmasa, Türkiyədə davam etmək istəyərəm. Hər halda öz ölkəmə dönüb işləməyi düşünürəm. Travmatologiya və ortopediya sahəsi marağımı çəkir. Uşaqlıqdan həkim olmaq istəyirdim. Bir dəfə əmimlə birlikdə gəzəndə o, bir həkim haqqında danışmışdı və o vaxtdan bu peşə ağlımda qalıb”.

Sonda isə  Naxçıvanda oxumaq istəyən xarici tələbələrə tövsiyələri var: 
“Naxçıvan oxumaq istəyən tələbələr üçün həqiqətən yaxşı yerdir. Müəllimlər, universitet rəhbərliyi oxumağa dəstək olur. Burada xarici tələbə olduğun üçün də diqqət göstərirlər, kömək etməyə çalışırlar. İnsanlar çox səmimidir. Dostlarımla bağlı çox gözəl xatirələrim oldu. Ona görə Naxçıvanı həm təhsil, həm də yaşamaq baxımından tövsiyə edə bilərəm”.

Bu iki gəncin hekayəsi göstərir ki, Naxçıvanda təhsil almağa gələn türkiyəli tələbələr üçün universitet yalnız bilik qazandıran məkan deyil. Burada qurulan dostluqlar, hiss edilən doğmalıq, ortaq dəyərlər və qarşılıqlı dəstək onları vətəndən uzaqda belə öz evlərində hiss etdirir. Bəlkə də buna görə onların dilindən ən çox səslənən cümlə eynidir: “Sanki öz ölkəmdəyəm”.