İntellektual yarışlarda iştirak edənlərin mənimsəmə göstəriciləri daha yüksəkdir – Nazir müavini

17 Fevral, 2026 - 11:15
İntellektual yarışlarda iştirak edənlərin mənimsəmə göstəriciləri daha yüksəkdir – Nazir müavini

“Elmi araşdırmalar göstərir ki, intellektual yarışlarda və oyunlarda iştirak edən şagirdlərin mənimsəmə göstəriciləri bu cür fəaliyyətlərdə iştirak etməyənlərlə müqayisədə təxminən 35 faiz daha yüksək olur. Bu, elmi araşdırmalara əsaslanan bir nəticədir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbirində səsləndirib.

O qeyd edib ki, nazirliyin təşkil etdiyi intellektual yarışlarda iştirak edən şagirdlər böyük təcrübə qazanırlar: “İnsan kapitalı hər bir ölkənin əsas sərvətidir. Onu inkişaf etdirməyin isə iki yolu var. Birincisi formal təhsil, yəni təhsil aldığımız müəssisələrdə əldə etdiyimiz biliklərdir. Digəri isə informal təhsildir: müxtəlif təcrübələrdən qazandığınız bilik və bacarıqlar. Məhz bu müsabiqədə əldə etdikləriniz də informal təhsilin bir hissəsidir. Bunun insan kapitalının formalaşmasına çox böyük müsbət təsiri var. Təkcə bu deyil, bildiyiniz kimi, Elm və Təhsil Nazirliyi bir çox olimpiada və müxtəlif fənlər üzrə intellektual yarışlar keçirir. Bu yarışlarda iştirak edən şagirdlər çox böyük təcrübə qazanırlar”.

Firudin Qurbanov bildirib ki, gənc nəsli gələcəkdə böyük çağırışlar və imkanlar gözləyir: “Hansı sahələrin ön plana çıxacağını indidən dəqiq demək çətindir. Biz bilmirik ki, yaxın illərdə bizi hansı yeniliklər gözləyir. Lakin artıq müəyyən konturlar görünür və bunlar daha çox rəqəmsal texnologiyalar, süni intellekt və robotlaşdırılmış sistemlərlə bağlıdır. Dünyada bu sahələr çox sürətlə inkişaf edir.

Sizi nələrin gözlədiyini tam bilmək çətindir, amma bu dəyişikliklərə hazır olmaq vacibdir. Bizim əsas məqsədimiz sizi elə hazırlamaqdır ki, qarşılaşacağınız bütün yeniliklərə və vəzifələrə uğurla cavab verə biləsiniz. Əgər hazır olmasanız, ölkənin gələcək inkişafında və modernləşməsində fəal iştirak etmək çətin olacaq. Buna görə də çox çalışmaq lazımdır”, – deyə nazir müavini bildirib.