İqtisadi bərabərsizlik uşaqların rifahına və təhsilinə zərər vurur – UNICEF

14 May, 2026 - 18:47
İqtisadi bərabərsizlik uşaqların rifahına və təhsilinə zərər vurur

UNICEF-in Strategiya və Sübutlar Ofisi – Innocenti tərəfindən yayımlanan təhlilə əsasən, varlı ölkələrdə iqtisadi bərabərsizlik uşaqlar arasında daha zəif fiziki sağlamlıq və daha aşağı akademik nəticələrlə əlaqələndirilir.

“Hesabat Kartı 20: Qeyri-bərabər İmkanlar – Uşaqlar və iqtisadi bərabərsizlik” adlı hesabat OECD və yüksək gəlirli 44 ölkədə iqtisadi bərabərsizliklə uşaqların rifahı arasındakı əlaqəni araşdırır və göstərir ki, bu ölkələrin əksəriyyətində gəlir bərabərsizliyi və uşaq yoxsulluğu səviyyələri yüksək olaraq qalır. Orta hesabla, ən yüksək gəlirli 20 faiz ailələrin qazancı ən aşağı gəlirli 20 faiz ailələrin qazancından beş dəfədən çoxdur. Eyni zamanda, ölkələr üzrə orta hesabla, hər beş uşaqdan biri gəlir yoxsulluğu şəraitində yaşayır; bu isə onların əsas ehtiyaclarının ödənilməməsi anlamına gələ bilər.

UNICEF -in “İnnocenti” Araşdırma Mərkəzinin direktoru Bo Viktor Nylund  bildirib: “Bərabərsizlik uşaqların necə öyrəndiyinə, nə ilə qidalandığına və həyata münasibətdə özlərini necə hiss etdiklərinə dərin təsir göstərir. Bərabərsizliyin ən ağır nəticələrini məhdudlaşdırmaq üçün ən məhrum icmalardakı uşaqların sağlamlığına, qidalanmasına və təhsilinə təcili şəkildə daha çox investisiya yatırmalıyıq”.

Hesabata görə, iqtisadi bərabərsizlik səviyyəsinin yüksək olması ilə uşaqların sağlamlığı arasında aydın əlaqə mövcuddur. Ən qeyri-bərabər ölkələrdə böyüyən uşaqlar, ən bərabər ölkələrdə yaşayan uşaqlarla müqayisədə artıq çəkili olmağa 1,7 dəfə daha çox meyllidirlər. Bu isə keyfiyyətsiz qidalanma və yeməklərin ötürülməsi ilə bağlı ola bilər.

Hesabat Avropa İttifaqı ölkələrinə dair məlumatlara da diqqət çəkərək qeyd edir ki, ən aşağı gəlirli ailələrin 1\5-də  yaşayan uşaqların yalnız 58 faizi çox yaxşı sağlamlıq vəziyyətindədir. Halbuki ən yüksək gəlirli beşdəbir ailələrdə bu göstərici 73 faizdir.

Hesabat iqtisadi bərabərsizliklə təhsil göstəriciləri arasında da əlaqə qurur. Bildirilir ki, varlılarla kasıblar arasındakı fərqin daha geniş olduğu ölkələrdə ümumi akademik test nəticələri daha aşağı olur. Ən qeyri-bərabər ölkələrdə yaşayan uşaqların oxu və riyaziyyat üzrə əsas biliklərə yiyələnmədən məktəbi tərk etmə ehtimalı 65 faizdir. Ən bərabər ölkələrdə isə bu göstərici 40 faizdir.

Ölkələr arasındakı bu bərabərsizliklər ölkələrin daxilində də təkrarlanır. Belə ki, ayrı-ayrı ölkələrdə ən varlı və ən kasıb ailələrdən olan uşaqların test nəticələri arasında böyük fərqlər mövcuddur. Orta hesabla, ən yüksək gəlirli ailələrin 1\5-də yaşayan 15 yaşlı uşaqların 83 faizi riyaziyyat və oxu üzrə əsas biliklərə malikdir. Ən aşağı gəlirli beşdəbir ailələrdə isə bu göstərici 42 faizdir.

Hesabat hökumətləri və aidiyyəti tərəfləri uşaqların rifahına bərabərsizliyin təsirini minimuma endirmək üçün bir sıra siyasət sahələrində tədbirlər görməyə çağırır. Xüsusilə, uşaq yoxsulluğunun azaldılması əsas prioritet kimi vurğulanır. Təklif olunan tədbirlər bunlardır:

– Heç bir uşağın yoxsulluq şəraitində böyüməməsini təmin etmək üçün ailə və uşaq müavinətləri, həmçinin minimum əməkhaqqı daxil olmaqla sosial müdafiə mexanizmlərini gücləndirmək.
– Aztəminatlı icmaları subsidiya olunan mənzil proqramları, məhəllə infrastrukturunun yaxşılaşdırılması və yaşıl zonalar, istirahət məkanları kimi ictimai obyektlərə investisiyalar vasitəsilə dəstəkləmək.
– Məktəblərdə sosial-iqtisadi ayrı-seçkiliyi minimuma endirməklə, məktəblərin şagirdlərin iqtisadi vəziyyətindən asılı olmayaraq lazımi personal və avadanlıqla təmin olunmasını təmin etməklə və uşaqlara sağlam, qidalandırıcı məktəb yeməkləri təqdim etməklə təhsildəki bərabərsizlikləri aradan qaldırmaq.
– Bərabərsizliyin onlara və ailələrinə necə təsir etdiyini daha yaxşı anlamaq və onların rifahını təşviq edən həll yolları hazırlamaq üçün uşaqlarla dialoq qurmaq.