İRİA-nın təhsil layihələrinin 10 minə yaxın məzunu olub – Rəşad Həsənov

17 İyul, 2026 - 10:34
İRİA-nın təhsil layihələrinin 10 minə yaxın məzunu olub

İRİA-nın təhsil layihələri çərçivəsində bu günədək 10 minə yaxın məzun hazırlanıb.

"Azərbaycan müəllimi" Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “IT SkillSprint” beynəlxalq təhsil proqramının bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilən təhsil təşəbbüslərinin əsas məqsədi təhsil, praktiki təcrübə və məşğulluq arasında davamlı əlaqənin qurulması, tələbələrin real layihələrdə iştirak etməsi və əmək bazarına hazır mütəxəssis kimi formalaşdırılmasıdır.

Nazir müavini bildirib ki, sənayenin tələbatına uyğun kadr hazırlığını təşviq edən “Hire and Train” modeli çərçivəsində beynəlxalq texnologiya şirkətlərinin iştirakı ilə yerli mütəxəssislər hazırlanır və konkret layihələrə cəlb olunurlar.

Rəşad Həsənov qeyd edib ki, Agentliyin müxtəlif təhsil layihələri çərçivəsində bu günədək 10 minə yaxın məzun hazırlanıb. Son bir il ərzində təqaüd proqramları üzrə 770 nəfər məzun olub, olimpiada və müsabiqələrdə 26 594 nəfər iştirak edib, Boeing, Holberton School, StrategEast, Harbour.Space, Vistar, EPAM, Andersen, Cisco, Ironhack və Hertie School daxil olmaqla 10 beynəlxalq tərəfdaşla əməkdaşlıq qurulub.

O vurğulayıb ki, bu yanaşmanın uğurlu nümunələrindən biri olan “IT SkillSprint” proqramı dövlət–universitet–özəl sektor əməkdaşlığını vahid platformada birləşdirərək ali təhsillə əmək bazarı arasında əlaqəni daha da gücləndirir.

Nazir müavininin sözlərinə görə, proqramın ilk mərhələsində 9 ali təhsil müəssisəsindən 120 tələbə iştirak edib. İştirakçılar 4 istiqamət üzrə 6 aylıq intensiv "bootcamp" proqramını uğurla başa vuraraq müasir texnologiyalar sahəsində praktiki bilik və bacarıqlar əldə ediblər.

Sonda R.Həsənov layihənin həyata keçirilməsində göstərilən əməkdaşlığa görə Elm və Təhsil Nazirliyinə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, beynəlxalq tərəfdaş Ironhack şirkətinə, proqramda iştirak edən ali təhsil müəssisələrinə və karyera sərgisində iştirak edən şirkətlərə təşəkkürünü bildirib.