İş tapmaq şansını artıran universitet ixtisasları – Məzunların diqqətinə
“Forbes”in yeni hesabatına əsasən, işəgötürənlərin işə qəbul prosesində ciddi dəyişikliklər etdiyi və süni intellektin əmək bazarını yenidən formalaşdırdığı bir dövrdə bəzi universitet ixtisasları məzunların iş tapmaq şansını digərlərindən daha çox artırır.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Forbes”in rəsmi saytında dərc olunan son hesabat LinkedIn platformasının eksklüziv məlumatlarına əsaslanır.
Hesabat göstərir ki, sosial elmlər və humanitar elmlər üzrə təhsil alan məzunlar hazırkı əmək bazarında daha davamlı mövqe nümayiş etdirirlər. Bunun əsas səbəbi onların qazandıqları bacarıqların müxtəlif sahələrdə tətbiq oluna bilməsidir.
Hesabata görə, universiteti yeni bitirmiş məzunların işə qəbulu hələ də zəif səviyyədə qalır. İşə qəbul göstəriciləri pandemiyadan əvvəlki dövrlə müqayisədə 20 faiz, ötən illə müqayisədə isə 5 faiz aşağıdır.
"LinkedIn" platformasında ən geniş yayılmış 20 bakalavr ixtisası təhlil olunub. Araşdırma zamanı həmin ixtisaslar üzrə məzunların hansı sahələrdə iş tapdığı və onların müxtəlif sektorlar arasında keçid etmək imkanları qiymətləndirilib.
Təhlilin nəticəsinə görə, bugünkü çətin əmək bazarında yeni məzunlar üçün çeviklik və müxtəlif sahələrə uyğunlaşa bilmək ən böyük üstünlüklərdən birinə çevrilib.
Hesabatda qeyd olunur ki, mühəndislik və kompüter elmləri üzrə məzunlar yüksək maaşlı və güclü məşğulluq imkanlarına malik olsalar da, onların daha ixtisaslaşmış bacarıqları müxtəlif sahələr arasında keçid etməyə daha az imkan yaradır.
Hesabatda bildirilir ki, "Sosial elmlər və humanitar elmlər üzrə təhsil alan məzunlar bugünkü əmək bazarında daha dayanıqlıdırlar. Çünki onlar müxtəlif sənaye sahələrində istifadə oluna bilən bacarıqlar əldə ediblər".
Bundan əlavə qeyd edilir: "Mühəndislik ixtisasını seçən və bunun təhlükəsiz, yüksək gəlirli seçim olduğunu düşünən məzunlar indi yalnız zəif işə qəbul bazarı ilə deyil, həm də müxtəlif sahələrdə geniş tətbiq olunmayan, daha dar ixtisaslaşmış bacarıqlarla üz-üzədirlər".
Hesabat həmçinin göstərir ki, 2019-cu ilin dekabrından 2026-cı ilin aprelinədək ən geniş yayılmış 15 universitet ixtisasının hamısı üzrə başlanğıc səviyyəli vakansiyalara qəbul azalıb.
Məzunlar üçün ən çevik universitet ixtisasları
LinkedIn-in təhlilinə əsasən, aşağıdakı ixtisasların məzunları ənənəvi peşə istiqamətlərindən kənarda iş tapmaq baxımından daha uğurlu olublar.
Sıra İxtisas Çeviklik göstəricisi
1. İngilis dili 69%
2. Vizual və ifa sənətləri 68%
3. Kommunikasiya və jurnalistika 67%
4. Biznes və marketinq 64%
5. Kompüter və informasiya elmləri 63%
6 Sosial elmlər 62%
7. Fənlərarası tədqiqatlar 60%
8. Daxili təhlükəsizlik və hüquq-mühafizə 58%
9. Parklar, rekreasiya və fitnes 56%
10 Psixologiya 55%
11. Fizika və digər fiziki elmlər 55%
12. Biologiya və digər bioloji elmlər 43%
13. Mühəndislik 41%
14. Təhsil 34%
15. Səhiyyə ixtisasları 21%
İşə qəbulun ən çox azaldığı ixtisaslar
Hesabat həmçinin 2019-cu ilin dekabrı ilə 2026-cı ilin aprel ayı arasında başlanğıc səviyyəli işə qəbulun ən çox azaldığı ixtisasları da müəyyən edib.
Sıra İxtisas İşə qəbulda azalma
1. Mühəndislik -25%
2. Kompüter və informasiya elmləri -24%
3. Fənlərarası tədqiqatlar -24%
4. Biznes və marketinq -23%
5. Kommunikasiya və jurnalistika -23%
6. Fiziki elmlər -23%
7. Vizual və ifa sənətləri -23%
8. Sosial elmlər -22%
9. Daxili təhlükəsizlik və hüquq-mühafizə -22%
10. İngilis dili -21%
11. Bioloji elmlər -19%
12. Parklar, rekreasiya və fitnes -19%
13. Psixologiya -18%
14. Səhiyyə ixtisasları -16%
15. Təhsil -16%
Forbes bildirir ki, bu nəticələr universitet ixtisası seçən tələbələr üçün vacib bir məqama işarə edir: seçim edərkən yalnız gələcək qazancı deyil, həm də əldə olunan bilik və bacarıqların müxtəlif sənaye və peşə sahələrində nə dərəcədə tətbiq oluna biləcəyini nəzərə almaq lazımdır.




