İslahatlar, yeniliklər və nailiyyətlər: 2025-ci il təhsildə hansı uğurlarla yadda qaldı?
2025-ci il Azərbaycan təhsili üçün sinif otaqlarından laboratoriyalara, uşaq bağçalarından ali məktəblərə qədər ardıcıl addımlar atıldığı, elm və təhsil sahəsində yeni mexanizmlərin tətbiq olunduğu və mövcud problemlərə daha sistemli yanaşmaların formalaşdığı bir il oldu. Əldə olunan nəticələr göstərir ki, aparılan tədbirlər təhsil siyasətinin daha sistemli və nəticəyönümlü icrasına zəmin yaradıb.
“Azərbaycan müəllimi” 2025-ci ildə təhsil sahəsində baş verən yenilikləri, əldə olunan nəticələri və qazanılmış uğurları təqdim edir.
Böyük Qayıdış və təhsil: Qarabağda müasir məktəblərin qurulması
2025-ci il ərzində ölkə üzrə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun qurulması və yenilənməsi istiqamətində ardıcıl işlər görülüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində və Kəngərli kəndində körpələr evi-uşaq bağçaları və ümumtəhsil məktəblərində aparılan tikinti işləri ilə tanış olub, həmçinin bir sıra yeni təhsil müəssisələrinin açılışında iştirak edib.
Ağdam şəhərində 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası və 960 şagird yerlik 1 nömrəli tam orta məktəb istifadəyə verilib. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində inşa olunan bu təhsil ocaqlarında müasir laboratoriyalar, STEAM mərkəzləri, akt və idman zalları, kitabxanalar və digər zəruri infrastruktur yaradılıb. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki və mənəvi inkişafı üçün hərtərəfli şərait formalaşdırılıb.
Ağdam rayonunun Kəngərli kəndində 120 yerlik körpələr evi-uşaq bağçası və 484 şagird yerlik tam orta məktəb istifadəyə verilib. Müasir tədris avadanlıqları ilə təchiz olunmuş bu təhsil müəssisələrində laboratoriyalar, informatika kabinetləri, idman və akt zalları yaradılıb, məktəb ərazisində idman meydançaları salınıb. Kənddə inşa olunan təhsil obyektlərində alternativ enerji mənbələrindən istifadə edilib, binaların damında Günəş panelləri quraşdırılıb.
Regionlarda təhsil infrastrukturunun inkişafı istiqamətində işlər digər ərazilərdə də davam etdirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində 1296 şagird yerlik internat tipli “Talıstan” liseyi istifadəyə verilib. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan liseydə müasir laboratoriyalar, geniş akt və idman zalları, kitabxana və yeməkxana yaradılıb.
Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində yeni körpələr evi-uşaq bağçaları inşa edilərək istifadəyə verilib. Müasir standartlara uyğun qurulan bu məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün təhlükəsiz və komfortlu mühit təmin edilib.
Cəbrayıl rayonunun Horovlu kəndində 624 şagird yerlik tam orta məktəb və 220 yerlik körpələr evi-uşaq bağçası inşa edilib. Təhsil müəssisələrində laboratoriyalar, akt və idman zalları, açıq idman meydançaları yaradılıb.
İlin sonunda Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində 624 şagird yerlik tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib. Məktəbdə sinif otaqları, laboratoriyalar, STEAM və informatika otaqları, kitabxana və idman infrastrukturu müasir tələblərə uyğun şəkildə yenilənib.
Görülən işlər nəticəsində işğaldan azad olunmuş ərazilərdə və regionlarda təhsil müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müəllim və şagirdlər üçün müasir, təhlükəsiz və keyfiyyətli təhsil mühiti formalaşdırılıb.
Müəllimlərin sertifikatlaşdırması davam edir
Bu il müəllimlərin sertifikatlaşdırılması prosesinə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, biologiya, kimya və xarici dillər üzrə müəllimlər cəlb olunublar. 2022–2025-ci illər üzrə imtahanlarda 80 mindən çox müəllimin iştirak etdiyi sertifikatlaşdırma müəllimlərin əməkhaqqısına da ciddi təsir edib. Belə ki, 2022-ci ildən orta aylıq əməkhaqqı 20% artaraq 720 manat olub, 2025-2026-cı tədris ilində isə bu rəqəm 965 manat olub.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində 1,6 milyon şagird təhsil alır. Onlardan 130 mindən çoxu I sinif, təqribən 160 min IX sinif, 117 min isə XI sinifdə oxuyurlar. Məktəbəhazırlıq qruplarında 90 min uşaq, məktəbəqədər təhsildə isə 226 min uşaq iştirak edir.
Bakı məktəblərində rəqəmsal tədris
Bakı şəhərinin ümumi təhsil müəssisələrində milli onlayn “Rəqəmsal məktəb” platforması istifadəyə verilib. Platforma təhsil prosesinə müasir texnologiyaların inteqrasiyasını təmin edir, həm tədris, həm də idarəetmədə şəffaflığı artırır.
“Şagird”, “Valideyn”, “Müəllim” və “Direktor” üçün yaradılmış fərdi kabinetlər vasitəsilə hər istifadəçi qrupu öz funksionallığından yararlana bilir. Şagirdlər dərs cədvəli, dərsliklər, videodərslər və interaktiv testlərə çıxış əldə edir, valideynlər övladlarının nailiyyətlərini izləyə və müəllimlərlə birbaşa ünsiyyət qura bilir. Müəllimlər gündəlik işlərini planlayır, qiymətləndirmə və elektron jurnal funksiyalarından istifadə edir, direktorlar isə məktəbin fəaliyyətini təhlil edib idarə edə bilirlər.
Platformanın gələcək mərhələlərində valideynlərin rəy və təkliflərinin toplanması, əlavə funksionallıqların tətbiqi ilə tədris və idarəetmə prosesi daha da inkişaf etdiriləcək. Bu yenilik təhsilin interaktivliyini artırmaqla yanaşı, ölkədə rəqəmsal təhsil mühitinin gücləndirilməsinə xidmət edir.
“Rəqəmsal məktəb” çərçivəsində yeni tətbiq istifadəyə verilib
Elm və Təhsil Nazirliyi “Rəqəmsal məktəb” layihəsi çərçivəsində müəllimlər üçün “Müəllim” mobil tətbiqini istifadəyə verib. Tətbiq tədrisin planlaşdırılması, şagirdlərin davamiyyəti və akademik nəticələrin izlənməsi, həmçinin qiymətləndirmələrin daxil edilməsi kimi əsas funksiyaları mobil mühitdə idarə etməyə imkan yaradır.
Hazırda Bakı şəhərinin ümumi təhsil müəssisələrində tətbiq olunan proqramın mərhələli şəkildə ölkə üzrə yayılması nəzərdə tutulur. Tətbiq həm iOS, həm də Android platformalarında mövcuddur və təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən səmərəli koordinasiyasına töhfə verəcək.
Məktəbəqədər təhsildə sənədləşmə rəqəmsallaşdırılır
Elm və Təhsil Nazirliyi ilə TƏBİB arasında əməkdaşlıq nəticəsində məktəbəqədər təhsil müəssisələrində sənəd dövriyyəsi tam rəqəmsallaşdırılıb. Uşaqların sağlamlıq haqqında tibbi arayışları artıq birbaşa “Məktəbəqədər Təhsil Müəssisələrinə Uşaqların Qəbulu” elektron sisteminə inteqrasiya edilib.
Bu yenilik valideynlərin əlavə sənəd təqdim etməsini aradan qaldıraraq prosesi sürətləndirir, şəffaflığı artırır və kağız istifadəsini minimuma endirməklə ekoloji dayanıqlılığa töhfə verir.
Şagirdlərin bilik və yaradıcılıq potensialının öyrənilməsinə yönəlmiş tədbirlər
2025-ci ildə şagirdlərin dərsdənkənar fəaliyyətləri dəstəklənərək onların bilik və yaradıcılıq potensialı inkişaf etdirilib. IX–XI sinif şagirdləri üçün “Zəkaların mübarizəsi” olimpiadası keçirilib; iştirakçılar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bacarıqlarını nümayiş etdiriblər, şahmat turniri təşkil olunub.
Bununla yanaşı, Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib. Tədbir şagirdlərin yaradıcılıq və vətənpərvərlik ruhunu inkişaf etdirməklə yanaşı, Azərbaycan Ordusunun qəhrəmanlığı və tarixi zəfərin əhəmiyyətini gənc nəslə çatdırmaq məqsədini daşıyıb.
Azad edilmiş torpaqlarda peşə təhsilinə dövlət dəstəyi
“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik edilib. Bundan sonra işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış şəxslərin 2025-2028-ci illərdə ödənişli peşə təhsili müəssisələrində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Dəyişiklik əhalinin dayanıqlı məşğulluğunu təmin etmək, zəruri kadr potensialını formalaşdırmaq və peşə təhsilini stimullaşdırmaq məqsədilə həyata keçirilir.
Beynəlxalq reytinqlərdə irəliləyiş: ali təhsilin qlobal mövqeyinin möhkəmlənməsi
2025-ci il Azərbaycan ali təhsili üçün beynəlxalq reytinqlərdə keyfiyyət və təmsilçilik baxımından əlamətdar nəticələrlə yadda qalıb. İlk dəfə olaraq iki Azərbaycan universiteti “Şanxay reytinqi”nin “Akademik fənlərin qlobal reytinqi”ndə riyaziyyat sahəsi üzrə TOP 500-lükdə yer alıb. Bakı Dövlət Universiteti 401–500, Azərbaycan Universiteti isə 301–400 aralığında qərarlaşaraq bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkə statusunu təmin edib.
Eyni zamanda, “Times Higher Education Impact 2025” reytinqində Azərbaycan universitetlərinin təmsilçiliyi əhəmiyyətli dərəcədə genişlənib. Sözügedən reytinqdə iştirak edən ali təhsil müəssisələrinin sayı 18-dən 28-ə yüksələrək ölkə üzrə universitetlərin təxminən 60 faizini əhatə edib. Azərbaycan universitetləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin bir neçə istiqaməti üzrə, xüsusilə yoxsulluğun azaldılması və bərabərsizliyin aradan qaldırılması sahələrində dünya üzrə TOP 60-lıqda yer alaraq regional lider mövqeyini qoruyub.
“QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” Azərbaycan ali təhsilinin qlobal mövqeyində dönüş nöqtəsi yaradıb. Ölkə tarixində ilk dəfə 6 universitet TOP 1000-likdə yer alıb, ümumilikdə isə reytinqdə təmsil olunan universitetlərin sayı 9-a çatıb. Bakı Dövlət Universiteti mövqeyini təxminən 300 pillə yaxşılaşdıraraq 688-ci sıraya yüksəlib, bir sıra digər universitetlər isə mövqelərini gücləndirib və ya ilk dəfə reytinqə daxil olub. Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 106 ölkə arasında ikinci yerdə qərarlaşaraq Cənubi Qafqaz regionunda liderliyini möhkəmləndirib.
2025-ci il həmçinin “Times Higher Education”in əsas qlobal reytinqində Azərbaycan universitetlərinin təmsilçiliyinin genişləndiyi il kimi yadda qalıb. İlk dəfə 4 universitet bu reytinqə daxil olub, onlardan ikisi mövqeyini yaxşılaşdırıb, ikisi isə siyahıda ilk dəfə yer alıb. İlk dəfə bu reytinqə daxil olan Azərbaycan Dövlət İqtisad Universiteti TOP 1000-də qərarlaşıb. 1501+ diapazonunda təmsil olunan Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq interval daxilində ötən ilə nisbətən mövqeyini gücləndirib. İlk dəfə bu reytinqə daxil olan digər universitetimiz – Azərbaycan Texniki Universiteti isə 1501+ diapazonunda yer alır. Ümumilikdə, reytinqin bütün əsas meyarları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunub.
Ali təhsil proqramlarının yenilənməsi: əmək bazarı ilə sıx əlaqə
2025-ci ildə ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və proqramların əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə Elm və Təhsil Nazirliyində yeni təhsil proqramlarının hazırlanması üzrə Komissiya yaradılıb. Komissiya ali təhsilin bakalavriat, magistratura və əsas (baza ali) tibb təhsili səviyyələri üzrə proqramların modernləşdirilməsini təmin etmək üçün fəaliyyət göstərib.
Komissiyanın tərkibində fəaliyyət göstərən İşçi qrupları müxtəlif ixtisas sahələrini – texniki, humanitar, iqtisadiyyat, kənd təsərrüfatı, idman və səhiyyə ixtisaslarını əhatə edib, həm ali təhsil müəssisələrinin rəhbərləri, həm də əmək bazarının nümayəndələri tərəfindən həmsədrlik mexanizmi ilə idarə olunub.
İl ərzində 129 ixtisaslaşma üzrə 925 təklif müzakirə olunub.
Növbəti mərhələdə isə bakalavriat səviyyəsi üzrə təhsil proqramlarının yenilənməsi nəzərdə tutulur.
Gənclərin xaricdə təhsil imkanı: Dövlət Proqramı ilə 500 gənc beynəlxalq universitetlərdə
2025-2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində doktorantura, magistratura və bakalavriat səviyyələri üzrə seçim qaydaları açıqlanıb. Doktorantura səviyyəsi üzrə namizədlərin seçimi magistr dərəcəsinə malik olmaq, xarici ali təhsil müəssisəsinə qəbul olunmaq, prioritet ixtisas sahələrinə uyğun ixtisas seçmək, tədris dilini C1 səviyyəsində bilmək və Azərbaycan ali təhsil müəssisəsində 5 il müddətinə əmək fəaliyyətinə cəlb olunmaq öhdəliyini qəbul etmək kimi meyarlara əsaslanıb.
Müsabiqə nəticələrinə görə, proqram çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər doktorantura səviyyəsində olmaqla ümumilikdə 500 nəfər seçilib. Seçilmiş iştirakçılar dünyanın 33 nüfuzlu universitetində təhsil almaq hüququ qazanıb, bunlara Stenford, MIT, Oksford, Kembric, Sürix, Sinqapur, Harvard və Yale kimi ali təhsil müəssisələri daxildir.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alırlar.
SABAH proqramının əhatəsi genişlənir
2025-ci ildə SABAH proqramının əhatə dairəsi genişlənib. Artıq proqramdan bütün ali təhsil müəssisələri, o cümlədən özəl universitetlərin xüsusi istedada malik tələbələri faydalana bilərlər. İlkin mərhələdə proqram 10-dan çox ali təhsil müəssisəsini, 50-yə yaxın ixtisas üzrə 3 minə yaxın tələbəni əhatə etsə də, bu siyahıya ADA Universiteti, Bakı Ali Neft Məktəbi və digər özəl ali təhsil müəssisələri də daxil olub.
Proqram çərçivəsində ixtisasların sayı artırılıb və tələbələrin 1-ci tədris ilindən iştirak imkanları təmin olunub. Xüsusilə müasir əmək bazarının tələblərinə və prioritet sahələrə – təbiət, texnoloji və mühəndislik istiqamətlərinə üstünlük verilib. Növbəti mərhələdə doktorantlar üçün də yeni məzmunlu təhsil proqramlarının tətbiqi nəzərdə tutulub.
Ali təhsildə müasir infrastruktur
2025-ci il ərzində ali təhsildə infrastruktur sahəsində də mühüm addımlar atılıb. Qarabağ Universitetində Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binası istifadəyə verilib, Mühəndislik fakültəsinin binasının isə təməli qoyulub. Yeni infrastrukturlar tələbələrə müasir akademik mühit, laboratoriyalar, kitabxana və innovasiya məkanları təqdim edərək onların nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə imkan yaradır. Fakültələrdə bakalavriat səviyyəsində iqtisadiyyat, maliyyə, menecment, beynəlxalq ticarət, elektrik və elektronika, kompüter mühəndisliyi, data analitika və digər ixtisaslar üzrə təhsil həyata keçirilir.
Hazırda Qarabağ Universitetində 34 ixtisas üzrə 7 fakültədə 2154 tələbə təhsil alır, yeni infrastrukturlar isə gələcəkdə daha geniş tələbə və ixtisas spektrinin əhatə olunmasına imkan verəcək.
Bakıda istifadəyə verilmiş İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpusları isə beynəlxalq ali təhsil imkanlarını genişləndirərək tələbələr və akademik heyət üçün müasir kampus şəraiti yaradır. Hər iki universitetdə görülən işlər yüksəkixtisaslı kadr hazırlığına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin inkişafına, həmçinin Qarabağ və Şərqi Zəngəzurda ali təhsil ekosisteminin güclənməsinə mühüm töhfədir.
Onu da qeyd edək ki, Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu – YÖK) və Azərbaycanın Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə yeni universitet modeli olaraq yaradılmış Türkiyə–Azərbaycan Universitetinə bu il abituriyentlərin marağı olduqca böyük olub. 2024–2025-ci tədris ili üçün "Kompüter mühəndisliyi", "Sənaye mühəndisliyi" və "Qida mühəndisliyi" ixtisasları üzrə tələbə qəbulu həyata keçirilib.
Elmi-tədqiqatların inkişafına yeni dəstək
Elm və Təhsil Nazirliyi və Böyük Britaniyanın Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə edilmiş razılıq sayəsində Azərbaycanda fəaliyyət göstərən müəlliflər növbəti 3 il ərzində 422 yüksək impakt faktorlu, açıq əlyetərli jurnalda limitsiz məqalə dərc edə biləcəklər.
Eyni zamanda, ölkənin 140 elmi və ali təhsil müəssisəsi “Cambridge Press” jurnallarını müddətsiz oxumaq imkanına malik olacaq. Xidmətdən yararlanmaq istəyən müəlliflər “Cambridge Core” platforması vasitəsilə müraciət edə bilərlər.
Ali təhsil və sənaye birliyi: yüksəkixtisaslı mühəndislərin hazırlanması prosesi
May ayında Azərbaycan Texniki Universitetində Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında müdafiə sənayesi üçün kadr hazırlığını gücləndirəcək əməkdaşlıq memorandumu imzalanıb. Sənəd ali təhsil müəssisələri ilə sənaye sahəsi arasında əlaqələri möhkəmləndirərək, yüksək ixtisaslı mühəndislərin hazırlanmasına geniş imkanlar yaradacaq.
Bu təşəbbüs müdafiə sənayesində prioritet sahələr üzrə ixtisaslı kadr potensialının formalaşmasına və elmi-tədqiqat fəaliyyətlərinin genişlənməsinə xidmət edəcək.
Beləliklə, 2025-ci il təhsildə infrastrukturun modernləşdirilməsi, müəllimlərin peşəkarlığının artırılması və gənclərin bilik və yaradıcılıq potensialının dəstəklənməsi ilə yadda qalıb. Bu uğurlar gələcək illər üçün təhsil siyasətinin əsas istiqamətlərini müəyyən etməyə kömək edəcək.


