İsraildə yeni kurikulum hazırlanıb: maliyyə təhsili məcburi olacaq

4 Avqust, 2026 - 13:55
İsraildə yeni kurikulum hazırlanıb: maliyyə təhsili məcburi olacaq

İsraildə 2026–2027-ci tədris ilindən etibarən IX və X sinif şagirdləri üçün maliyyə savadlılığı dərsləri məcburi olacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, ölkənin Təhsil Nazirliyi yeni kurikulumun iqtisadi bilikləri, davranış psixologiyasını və həyat bacarıqlarını birləşdirən məzmun əsasında hazırlandığını açıqlayıb.

Yeni proqramın tədrisi üçün hazırlıqlara artıq başlanılıb. İndiyədək 550 müəllim təlim keçib, sentyabrın əvvəlində daha 750 müəllimin hazırlığına start veriləcək. Oktyabr ayında isə IX sinif müəllimləri üçün 60 saatlıq təlim proqramına təxminən 1300 müəllim cəlb olunacaq. X sinif müəllimləri üçün əlavə təlimlərin 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır.

Kurikulum dörd əsas istiqaməti əhatə edir:

– məsuliyyətli istehlakçı davranışı və maliyyə qərarlarının qəbulu;
– pul və bank sistemi;
– dəyişən dünyada əmək bazarı;
– investisiyalar, imkanlar və risklər.

IX sinif şagirdləri gündəlik maliyyə qərarlarına təsir edən amillər, zəruri və lüks tələbatların fərqləndirilməsi, reklam və sosial təzyiqin istehlak davranışına təsiri, məsuliyyətli qərarvermə üsulları ilə tanış olacaqlar.

"Pul və bank sistemi" bölməsində şagirdlər pulun mahiyyəti, tələb və təklif, inflyasiya, yaşayış dəyəri, eləcə də ənənəvi və rəqəmsal ödəniş vasitələrinin inkişafı haqqında bilik əldə edəcəklər.

"Dəyişən dünyada əmək bazarı" mövzusu çərçivəsində yeniyetmələrin əmək hüquqları və ilk dəfə əmək bazarına daxil olarkən bilməli olduqları əsas məsələlər tədris ediləcək. "İnvestisiyalar, imkanlar və risklər" bölməsində isə faiz anlayışı, yığım növləri, sığorta və maliyyə risklərinin əsasları öyrədiləcək.

X sinifdə proqram daha da genişləndiriləcək. Şagirdlər şəxsi maliyyə məqsədlərinin müəyyənləşdirilməsi, büdcənin planlaşdırılması, qısamüddətli və uzunmüddətli maliyyə hədəflərinə çatmaq üçün qərarların verilməsi, gələcəyin peşələri, əmək bazarında tələb olunan bacarıqlar, əməkhaqqı cədvəlinin oxunması və izahı ilə tanış olacaqlar.

Bundan əlavə, onlara kapital bazarı, daşınmaz əmlak, insan kapitalı və xarici valyuta kimi müxtəlif investisiya vasitələri, risk və gəlirlilik arasındakı əlaqə, həmçinin investisiya risklərinin şaxələndirilməsinin əhəmiyyəti izah ediləcək.

Təhsil naziri Yoav Kiş yeni proqramı "gənc nəslin real həyatın çağırışlarına hazırlanması istiqamətində mühüm addım" adlandıraraq bildirib ki, məqsəd hər bir şagirdi həyat boyu istifadə edə biləcəyi praktik maliyyə bilik və bacarıqları ilə təmin etməkdir.