İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-nun Ege Universitetində səfərdə olan proqramın rəhbər komitə üzvləri bir qrup professor-müəllim və məzun tələbələrlə görüş keçiriblər.
ADAU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, rəhbər komitə üzvləri görüşdə məzunlara öz tövsiyələrini verərək akademik karyeralarını davam etdirməyin vacibliyini diqqətə çatdırıblar.
ADAU-nun rektoru Zəfər Qurbanov ikili diplom proqramı məzunlarından gözləntilərin böyük olduğunu bildirib. Rektor deyib ki, gənc mütəxəssislər ölkəmizə qayıdaraq kənd təsərrüfatının inkişafına öz töhfələrini verməlidirlər.
Daha sonra Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin bir qrup professor-müəllim heyəti ilə rəhbər komitə üzlərinin görüşü olub.
Görüşdə Aqrar Universitet ilə Ege Universiteti alimlərinin birgə tədqiqat və beynəlxalq indeksli jurnallarda məqalə hazırlığı məsələləri yüksək qiymətləndirilib, bu proseslərin davamlılığının əhəmiyyəti vurğulanıb.
Sonda beynəlxalq ikili diplom proqramının həyata keçirilməsində səmərəli fəaliyyətinə görə bir qrup müəllim və tələbəyə təşəkkürnamələr təqdim olunub.



