Kanada beynəlxalq tələbələr üçün qaydaları sərtləşdirir: Yeni tələblər
Kanada hökuməti beynəlxalq tələbələr üçün təhsil və məzuniyyətdən sonrakı iş icazəsi (PGWP) ilə bağlı qaydaları dəqiqləşdirərək nəzarəti daha da gücləndirib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi (IRCC) təhsil icazəsi və məzuniyyətdən sonrakı iş icazəsi ilə bağlı yenilənmiş təlimat yayıb. Yenilənmiş qaydalar tələbələrin təhsil müddətində riayət etməli olduqları tələbləri, təhsil müəssisəsinin dəyişdirilməsi, akademik fasilələr, iş icazəsi və statusun qorunması məsələlərini daha aydın şəkildə izah edir.
Yeni izahlara əsasən, tələbənin təhsili ali təhsil müəssisəsi tərəfindən məzuniyyət sənədi, yekun transkript, diplom və ya dərəcə ilk dəfə təqdim edildiyi tarixdə başa çatmış hesab olunur. Bu tarixdən etibarən başqa status əldə edilmədiyi halda, təhsil icazəsinin qüvvəsi 90 gün sonra başa çatır.
IRCC həmçinin vurğulayır ki, təhsil müəssisəsini dəyişən tələbələr bəzi hallarda yeni təhsil icazəsi almalıdırlar. Təhsilə verilən rəsmi fasilələr isə 150 günü keçməməlidir. Fasilə dövründə əyani təhsil almayan tələbələrin kampus daxilində və ya ondan kənarda işləməsinə də əksər hallarda icazə verilmir.
Yenilənmiş qaydalarda məzuniyyətdən sonrakı iş icazəsi ilə bağlı tələblər də dəqiqləşdirilib. Belə ki, bakalavr, magistratura və doktorantura proqramlarından fərqli olaraq, kollec və digər qeyri-dərəcə proqramlarını bitirən beynəlxalq tələbələr PGWP almaq üçün təhsil aldıqları ixtisasın Kanadada uzunmüddətli işçi qüvvəsi çatışmazlığı olan sahələr siyahısına daxil olduğunu təmin etməlidirlər. Bu tələb 1 noyabr 2024-cü il və ya ondan sonra təhsil icazəsi üçün müraciət edənlərə şamil edilir.
IRCC-nin son yeniləməsinə əsasən, uyğun ixtisaslar siyahısına səhiyyə, sosial xidmətlər, təhsil və peşə-ixtisas istiqamətləri üzrə 119 yeni ixtisas əlavə olunub, əmək bazarında artıq çatışmazlıq hesab edilməyən 178 ixtisas isə siyahıdan çıxarılıb. Hazırda məzuniyyətdən sonrakı iş icazəsi üçün uyğun hesab olunan ixtisasların sayı 920-yə çatır.
Qurum bildirir ki, dəyişikliklərin məqsədi yeni məhdudiyyətlər tətbiq etməkdən daha çox, mövcud qaydaları dəqiqləşdirmək və beynəlxalq tələbələrin təhsil və immiqrasiya prosesində yol verə biləcəyi uyğunsuzluqların qarşısını almaqdır.




