Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda çap olunub

22 Oktyabr, 2024 - 16:32

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının “Ağır metal ionlarının enterosorbsiyası üçün perspektivli material kimi modifikasiya olunmuş xitozanın sintezi və xarakteristikası” (Synthesis and characterization of modified chitosan as a promising material for enterosorption of heavy metal ions) adlı məqaləsi “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq bazalara daxil edilmiş kvartili Q2 və impakt faktoru ( Scopus bazasında 5 olan)  “Elsevier” nəşriyyatının “Karbohidrat Tədqiqatı” (Carbohydrate Research) jurnalında (vol. 545, November, 2024, Article 109255, doi.org/10.1016/j.carres.2024.109255) işıq üzü görüb.      

Bu barədə institutdan “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, məqalə arilləşmə, alkilləşmə, reduksiya, kvartenizə reaksiyaları vasitəsilə xitozanın modifikantının alınmasına həsr edilmişdir. Bu məqsədlə tərkibində çoxsaylı reaktiv funksional amin və hidroksil qrupları olan ilkin xitozanın N-(2-hidroksibenzil)-N-etil-N-metil xitozan xlorid törəməsinin alınması həyata keçirilmişdir. Sintez edilmiş nümunələr müxtəlif fiziki-kimyəvi üsullardan (o cümlədən, FTIR, NMR, XRD, SEM, DSC/TGA) istifadə etməklə xarakterizə edilmişdir. Qeyd etmək lazımdır ki, aparılan analizlərin əksəriyyəti Neapol şəhərində yerləşən İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar Institutunda (CNR-IPCB) həyata keçirilmişdir. Bu tədqiqat işi AEF-Mob-11-2023-6(48)-08/07/4-M-07 qrant layihəsi kimi təqdim edilmiş və Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilmişdir.