“Kiçik könüllülər hərəkatı” layihəsinə start verilib
“Regional İnkişaf” İctimai Birliyinin “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Lənkəran–Astara Regional Təhsil İdarəsi tərəfindən “Kiçik könüllülər hərəkatı” layihəsi təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində Lənkəran şəhəri Şəhid Mehman Bağırov adına 1 nömrəli tam orta məktəbdə ilk pilot mərhələsinin görüşü keçirilib.
Görüş çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən interaktiv təqdimatlar, qrup məşğələləri, oyunlar və motivasiya edici fəaliyyətlər əsasında həyata keçirilərək uşaqlara könüllülüyün mahiyyəti, ictimai fəallığın əhəmiyyəti, paylaşma, empati və komanda ruhu kimi dəyərlər praktik şəkildə izah olunub. Pilot mərhələyə 40 məktəbli cəlb olunub.
“Kiçik könüllülər hərəkatı”nın məktəblərdə sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin əsas məqsədi məktəblilər arasında sosial məsuliyyət və ictimai iştirakçılıq vərdişlərini formalaşdırmaq, erkən yaşdan könüllülük fəaliyyətlərinə marağı artırmaq, komanda ilə işləmək, liderlik və təşəbbüskarlıq bacarıqlarının inkişafına töhfə vermək, gələcəkdə cəmiyyətə fayda verən fəal vətəndaşlar yetişdirilməsinə dəstək göstərməkdir.


