Komitə sədri: Ailədə düzgün tərbiyə cəmiyyətin inkişafına təsir göstərir

14 May, 2026 - 15:42
Komitə sədri:  Ailədə düzgün tərbiyə cəmiyyətin inkişafına təsir göstərir

“Milli ailə dəyərlərinin yaşadılması xalqımızın milli kimliyinin və mənəvi irsinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda "Ailə dəyərləri" mövzusunda keçirilən “açıq dərs”də deyib.

Sədr qeyd edib ki, ailə cəmiyyətin kiçik modeli hesab olunur. Əgər ailədə sağlam münasibətlər, düzgün tərbiyə və milli dəyərlərə bağlılıq varsa, bu, bütövlükdə cəmiyyətin inkişafına müsbət təsir göstərir: “Azərbaycan xalqının zəngin milli-mənəvi irsində ailə hər zaman müqəddəs dəyər kimi qəbul olunub. Azərbaycanda boşanmaların səbəblərindən biri də ailə dəyərlərinə yad təsirlərin müdaxiləsidir. Amma səbəb bunların heç biri deyil. Əsas səbəb Azərbaycanda ailə dəyərlərinə yad təsirlərin müdaxiləsidir. Biz gənclərə ailənin mahiyyətini, valideyn məsuliyyətini və milli adət-ənənələrimizin əhəmiyyətini daha dərindən aşılamağa çalışmalıyıq”.

Ramin Məmmədovun sözlərinə görə, xüsusilə uşaqların sağlam mənəvi mühitdə böyüməsi, onların vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsi ailədə verilən tərbiyədən başlayır. Buna görə də ailə dəyərlərinin qorunması hər birimizin vətəndaşlıq borcudur.