Gənclərin media və hüquqi maarifləndirilməsi gücləndirilir
Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi olmuş “Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi hazırda uğurla icra mərhələsindədir.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin əsas məqsədi gənclərin Konstitusiya hüquqları, hüquqi maarifləndirmə, media savadlılığı və hüquqi mübarizə mexanizmləri üzrə biliklərinin artırılmasından ibarətdir. Bu məqsədlə layihə çərçivəsində keçirilən təlimlər Mingəçevir Dövlət Universitetində interaktiv formatda təşkil olunur və gənclərin fəal iştirakı, fikir mübadiləsi ilə yadda qalan, faydalı mühitdə baş tutur.
Qeyd edək ki, layihə çərçivəsində həyata keçirilən növbəti təlim Mingəçevir Dövlət Universitetinin müəllimi, karyera məsləhətçisi Şəbnəm İslamova tərəfindən aparılıb. Təlim 2020-ci il Vətən müharibəsi dövründə gənc nəslin media mübarizəsi mövzusuna həsr olunub.
Təlim zamanı müharibə dövründə informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, sosial mediada hüquqi məsuliyyət, gənclərin informasiya cəbhəsində rolu və media vasitəsilə hüquqi mübarizə mexanizmləri iştirakçıların diqqətinə çatdırılıb. Mövzu ətrafında aparılan interaktiv müzakirələr gənclərin praktiki biliklərinin formalaşmasına töhfə verib.
Qeyd edək ki, layihənin rəhbəri Vaqif Fətullayevdir. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində icra olunmağa davam edir.



