KSQ və BSQ-lər optimallaşdırıla bilərmi? – Ekspertdən təklif
"KSQ-lər və BSQ-lər son illərdə xüsusi aktuallıq kəsb edir. Bu iki qiymətləndirmə forması, ümumilikdə, summativ qiymətləndirmənin tərkib hissəsi kimi şagirdlərin müəyyən dövr ərzində əldə etdikləri bilik və bacarıqları ölçməyə xidmət edir. Ancaq bu sistemin effektivliyi, faydası və real nəticələri barədə müxtəlif yanaşmalar mövcuddur".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində təhsil mütəxəssisi Rəsul Ağayev deyib.
O bildirib ki, bəzi hallarda müəllimlərin narazılığı haqlıdır. Çünki KSQ və BSQ-lərin sayı, çox sayda sənədləşmə, davamlı yaranan imtahan stresi, eləcə də imtahanın formatı, test tərtib edən müəllimlərin bu sahədə təcrübəsizliyi, hər bir məktəbdə hər bir müəllim tərəfindən fərqli yanaşmalar və subyektivlik halları, tapşırıqların keyfiyyəti və qiymətləndirmə meyarları ilə bağlı problemlər olur.
"Ancaq bütövlükdə “il boyu müxtəlif dövrlərdə aralıqlarla həyata keçirilən summativ qiymətləndirmə” yanaşması faydalıdır: yəni şagird yalnız ilin sonunda bir dəfə qiymətləndirilməklə məhdudlaşmır, aralıq mərhələlərdə aldığı tapşırıqlardan, testlərdən, imtahanlardan və ya təqdimatlardan topladığı ballar da onun yekun qiymətinə daxil olur. Bu cür yanaşma şagirdin ilboyu necə inkişaf etdiyini, hansı mövzuda çətinlik çəkdiyini daha aydın göstərir, müəllimə vaxtında müdaxilə etməyə imkan yaradır və yekunda şagirdin ümumi nailiyyətlərini daha obyektiv əks etdirir.
Effektivliyə gəlincə, modeli optimallaşdırmaq lazımdır: məsələn, sayını, keçirilmə tezliyini və formatını optimallaşdırmaq, onlara formativ qiymətləndirmə ünsürləri qatmaq, müəllimlərə həm metodik, həm də texnoloji dəstək vermək, vahid rubrikalarla şəffaflığı artırmaq olar. Bu halda həm müəllimin iş yükü azalır, həm də nəticələrin keyfiyyəti yüksəlir".



