"Maarifçi" olmaq çoxdankı arzum idi”
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramı gənclərin peşəkar inkişafına, bilik və bacarıqlarını təcrübədə tətbiq etmələrinə, eləcə də gələcək karyeralarına doğru inamla addımlamalarına mühüm töhfə verir. Proqram çərçivəsində qazandıqları təcrübə, əldə etdikləri yeni biliklər və qarşılaşdıqları imkanlar bir çox gəncin həyatında müsbət dəyişikliklərə yol açır.
“Azərbaycan müəllimi” Turanə Alayevanın “Maarifçi” proqramının ona qazandırdıqlarını, eləcə də gələcək planlarını oxucularımıza daha yaxından təqdim edirik.
“Universitetə qəbul olduğum ilk gündən qarşıma iki əsas məqsəd qoymuşdum”
"Maarifçi" tələbə-məzun təcrübə proqramının iştirakçısı Turanə Alayevanın əsas maraq dairəsi elm və təhsil rəqəmsallığı, süni intellekt alətlərinin tədrisə inteqrasiyası, STEAM metodologiyası və koqnitiv psixologiyadır. Elə bu maraq Göygöl rayon Üçtəpə kənd sakini olan qəhrəmanımızı daim öz üzərində işləməyə, bacarıqlarını inkişaf etdirməyə sövq edib. Orta təhsilini 2005-2016-cı illərdə Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbdə alıb. 2016-2021-ci illərdə Gəncə Dövlət Universitetində "Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə təhsil alıb. 2023-cü ildə Turanə həmin universitetin "Sosial pedaqogika" ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
Məktəb illərindən fəallığı ilə seçilən bütün fənləri dərindən öyrənməyə həvəsli şagird olub. Həm IX sinif (ümumi orta təhsil), həm də XI sinif (tam orta təhsil) bazasını bütün fənlərdən "əla" qiymətlərlə başa vurub: "Universitetə qəbul olduğum ilk gündən etibarən qarşıma iki əsas məqsəd qoymuşdum: həm sosial bacarıqlarımı inkişaf etdirmək, həm də peşəsini dərindən bilən bir mütəxəssis olmaq. Tələbəlik dövrümdə Gəncə Gənclər Evində təşkil olunan "Layihə yazılması", "Komanda işi və əməkdaşlıq" təlimlərində iştirak etmişəm. Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin təşkil etdiyi "Yeni bir fikrim var" layihə proqramının ilk iştirakçılarından biri olaraq final mərhələsinə qədər yüksəlmişəm. Eyni zamanda, hələ 1-ci kursda oxuyarkən "19-cu əsrin gənc riyaziyyatçısı" adlı ilk elmi məqaləm Gəncə Dövlət Universitetinin "Tələbə və magistrantların elmi konfransının materialları"nda çap olunub.Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən keçirilən tədbirlər çərçivəsində riyaziyyat tarixi, cəbr və həndəsə, psixologiya və pedaqogika istiqamətlərində xeyli elmi məqalə hazırlamışam. Fərdi inkişaf, psixologiya və fəlsəfə sahələrində mütaliə etməyi xoşlayıram.Magistratura illərində kurs nümayəndəsi olmağım sosial bacarıqlarımı daha da inkişaf etdirdi”.
Turanənin magistratura təhsili aldığı "Sosial pedaqogika" ixtisası onun psixologiya və pedaqogikaya marağını daha da artırıb. Seçdiyi magistr dissertasiyası "Autist məktəblilərin məktəb həyatına sosial adaptasiyası" mövzusuna həsr olunub və bu tədqiqatla əlaqədar iki elmi məqalə yazıb: "Dissertasiyamı daha dərindən əsaslandırmaq və özümü bu sahədə inkişaf etdirmək məqsədilə Təhsil Şurası İctimai Birliyinin təşkil etdiyi "İnklüziv dəyərlərə əsaslanan təlim strategiyaları", həmçinin "Birgə və Sağlam" İctimai Birliyinin təşkil etdiyi praktiki və nəzəri təlimlərdə iştirak edərək "Autizm Könüllüləri" sertifikatı əldə etdim. Ümumiyyətlə, mütaliə etdiyim kitablar, qatıldığım psixologiya və autizm seminarları məhz magistr dissertasiya işimin tədqiqat istiqamətinə və şəxsi inkişafıma xidmət edir. Bütün bunlarla yanaşı magistratura illərində həm də əsas uğurlarımdan biri Təhsilin İnkişafı Fondu və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Kitabqurdu" IV Müəllimlərin Oxu Marafonunun finalçısı olmağımdır.
Turanə Alayeva STEAM sahəsində də fəallığı ilə seçilib. Mentoru olduğu komandalar müxtəlif istiqamətlər üzrə keçirilən yarışlarda uğur qazanaraq kubok, sertifikat və medallarla təltif olunub. O, 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025 (SAF 2025) müsabiqəsinə 3 fərqli istiqamətdə komandalar hazırlayaraq mentor kimi iştirak edib və sertifikatlar qazanıb. Bu komandalar 2 gümüş və 1 bürünc medala layiq görülüb.
"Bu keyfiyyətlərin bir çoxunu "Maarifçi" proqramı sayəsində özümdə daha da gücləndirdim"
Daim özünü inkişaf etdirən həmsöhbətimiz deyir ki, "Maarifçi" tələbə-məzun proqramı ilə ilk dəfə 2023-cü ildə sosial şəbəkələr vasitəsilə xəbər tutub . Lakin həmin il ilkin qeydiyyat mərhələsindən keçə bilməyib. O, cari ilin mart ayında proqrama yenidən müraciət etmək qərarına gəlib və bu dəfə uğur qazanacağına tam əmin olub: "Maarifçi" proqramının builki əsas devizi "Rəqəmsal gələcək" idi və mənim fəaliyyət istiqamətim bu meyara tam cavab verirdi. Müraciətimdən sonra ilkin mərhələni uğurla keçdim. Növbəti mərhələdə təşkil olunan test imtahanında məntiq, İKT, dünyagörüşü və yumşaq bacarıqlar üzrə suallar təqdim olundu. Əldə etdiyim təcrübə və analitik yanaşma sayəsində bu mərhələni də heç bir çətinlik çəkmədən keçdim. Üçüncü mərhələ olan müsahibəni də müvəffəqiyyətlə başa vurduqdan sonra proqramın qalibi elan olundum. Qalib olduğumu öyrəndiyim an həyatımın ən xoşbəxt və qürurlu anlarından biri oldu, çünki daim inkişaf, zəngin təcrübə qazanmaq və öyrənmək mənim əsas həyat prinsiplərimdəndir. "Maarifçi" olmaq çoxdankı arzum idi və sevinirəm ki, bunu artıq reallaşdıra bildim. Mənim öyrəndiyim ən böyük yenilik və təcrübə təhsil sahəsində gedən prosesləri və dəyişiklikləri yaxından görməkdir”.
"Uğurun sirri daim öyrənməyə həvəs və qarşıya qoyulan məqsəddən vaz keçməməkdir"
Turanə Alayeva hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunda çalışır. Bu qurumda mentorunun tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirir, gərgin və dinamik iş mühitində çalışaraq yumşaq bacarıqlarını daha da inkişaf etdirir: "Fəaliyyətimə verilən dəstəyə və yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə və Təhsilin İnkişafı Fonduna dərin minnətdarlığımı bildirirəm. Gələcək hədəflərim sırasında doktorantura təhsili almaq, daha genişmiqyaslı və əhatəli proqramlarda fəal təmsil olunmaq önəmli yer tutur. Əsas məqsədlərimdən biri gələcəkdə Elm və Təhsil Nazirliyi sistemində peşəkar dövlət qulluqçusu kimi fəaliyyət göstərmək və təhsilimizin inkişafına öz töhfəmi verməkdir.
Fikrimcə, uğurun sirri daim öyrənməyə həvəs, zəhmətsevərlik, məsuliyyət və qarşıya qoyulan məqsəddən heç vaxt vaz keçməməkdir. İnsan əgər gördüyü işi sevirsə və hər gün öz üzərində işləyirsə, nəticə gec də olsa mütləq öz müsbət bəhrəsini verir. Lakin bütün bunlarla yanaşı, ən önəmlisi, gərgin və stresli şəraitdə işləməyi bilmək, yumşaq bacarıqları daim inkişaf etdirməkdir. Mən bu keyfiyyətlərin bir çoxunu məhz "Maarifçi" proqramı sayəsində özümdə daha da gücləndirdim. Hesab edirəm ki, müasir dövrün gənci yalnız informasiya əldə etməklə kifayətlənməməli, ilk növbədə öz yumşaq bacarıqlarını inkişaf etdirməyə daha çox fokuslanmalıdır.
Onu da qeyd edim ki, uğur qazanmağımda müəllimlərimin və ailəmin rolu danılmazdır. Onların etimadı məni daha da ruhlandırır”.




