Magistraturaya qəbul planının 78 faizi dolub – Məleykə Abbaszadə

30 İyul, 2026 - 10:50
Magistraturaya qəbul planının 78 faizi dolub

"Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78.41 faizi) dolub".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial media hesabında paylaşım edib.

Paylaşımda qeyd edilib ki, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 faizdən çoxu dolub, onlardan 7-sində qəbul göstəricisi 90 faizdən yuxarıdır: "Qəbul proqramları üzrə də oxşar mənzərə müşahidə olunur. 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub".

Paylaşımda bildirilir ki, qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boş qalan yerlərlə bağlı ayrıca məlumat paylaşılacaq: "Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək.


Əvvəlki illərin nəticələri və təhlilləri ilə daha yaxından tanış olmaq istəyənlər "Abituriyent" jurnalının 12-ci nömrəsinin 350–387-ci səhifələrinə baxa bilərlər.

Nəticələr və təhlillərlə bağlı fikirlərini bölüşmək istəyən ekspertləri də əməkdaşlığa dəvət edirəm. Təklif və rəylərinizi info@dim.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz", – deyə qeyd olunub.