MDU beynəlxalq ali təhsil müstəvisində mövqeyini gücləndirir
Mingəçevir Dövlət Universiteti (MDU)ali təhsil müəssisələrinin dayanıqlı inkişaf sahəsində fəaliyyətini qiymətləndirən nüfuzlu beynəlxalq reytinqlərdən biri olan “THE Impact Rankings 2026”də uğurlu nəticə əldə edib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Böyük Britaniyanın nüfuzlu reytinq təşkilatı “Times Higher Education” tərəfindən açıqlanan nəticələrə əsasən, Mingəçevir Dövlət Universiteti dünya universitetləri arasında ümumi nəticə üzrə 1001–1500 qrupunda qərarlaşıb. Universitet bu nəticə ilə qlobal miqyasda reytinqə daxil olan 1603 ali təhsil müəssisəsi sırasında təmsil olunub.
Beynəlxalq ali təhsil müstəvisində mövqeyini gücləndirən universitetin rektoru Anar Eminov “Azərbaycan müəllimi” ilə fikirlərini bölüşüb. O bildirib ki, MDU-nun “THE Impact Rankings 2026” nəticələrində yer alması universitetdə son illər dayanıqlı inkişaf, tədqiqat, sosial məsuliyyət, ekoloji maarifləndirmə və beynəlxalq əməkdaşlıq istiqamətlərində həyata keçirilən ardıcıl fəaliyyətlərin mühüm göstəricisidir:
“Bu nəticə bizim üçün yalnız beynəlxalq reytinq göstəricisi deyil. Bu, Mingəçevir Dövlət Universitetinin dayanıqlı inkişaf, ekoloji məsuliyyət, tədqiqat, sosial faydalılıq və beynəlxalq əməkdaşlıq istiqamətlərində apardığı işlərin qlobal səviyyədə görünməsi deməkdir. Universitet olaraq məqsədimiz regionda yerləşən ali təhsil müəssisəsi olmaqla kifayətlənmək deyil, beynəlxalq akademik mühitdə tanınan, elmi nəticələri ilə seçilən və cəmiyyətə real töhfə verən universitet modelini daha da gücləndirməkdir”.
Rektor qeyd edib ki, beynəlxalq reytinqlərdə əldə olunan nəticələr MDU-nun qarşısında yeni məsuliyyətlər yaradır. Onun sözlərinə görə, universitet üçün əsas hədəflərdən biri elmi fəaliyyətin beynəlxalq akademik dövriyyəyə çıxarılması və tədqiqat nəticələrinin nüfuzlu platformalarda görünürlüğünün artırılmasıdır:
“Biz istəyirik ki, universitetdə keçirilən hər bir beynəlxalq konfrans yalnız elmi məruzələrin təqdim edildiyi tədbir kimi deyil, həm də yeni elmi nəticələrin beynəlxalq akademik məkana çıxarıldığı platforma kimi formalaşsın. Bundan sonra təşkil olunacaq konfransların beynəlxalq jurnallarla əlaqələndirilməsi, tədqiqatçıların məqalələrinin nüfuzlu elmi nəşrlərə yönləndirilməsi və elmi nəticələrin daha geniş auditoriyaya çatdırılması əsas hədəflərimizdəndir. Təbii ki, bu proseslər universitetin elmi potensialının güclənməsinə, akademik görünürlüğünün artmasına və beynəlxalq nüfuzunun möhkəmlənməsinə səbəb olacaq”.
Anar Eminov vurğulayıb ki, MDU üçün beynəlxalq reytinqdə təmsil olunmaq son hədəf deyil, yeni inkişaf mərhələsinin başlanğıcıdır:
“Qarşıdakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təhsil, tədqiqat, innovasiya və sosial məsuliyyət fəaliyyətlərini daha da genişləndirməyi planlaşdırırıq. Xüsusilə ekoloji tədqiqatlar, su resurslarının öyrənilməsi, yaşıl kampus təşəbbüsləri, rəqəmsal transformasiya və beynəlxalq elmi əməkdaşlıq istiqamətində fəaliyyətlərimiz davamlı olacaq”.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti 2026-cı il nəticələrində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir sıra istiqamətlərdə uğurlu göstəricilər əldə edib. Universitet xüsusilə ekoloji dayanıqlılıq, məsuliyyətli istehlak, su resurslarının qorunması, yaşıl kampus yanaşması və təbii ekosistemlərin mühafizəsi ilə bağlı istiqamətlərdə beynəlxalq reytinqdə təmsil olunub.
Nəticələrə əsasən, MDU SDG 12 – “Məsuliyyətli istehlak və istehsal” istiqaməti üzrə dünya universitetləri arasında 301–400 aralığında yer alıb. Bu istiqamət üzrə reytinqdə ümumilikdə 758 ali təhsil müəssisəsi iştirak edib.
Universitet SDG 15 – “Qurudakı həyat” istiqaməti üzrə də yüksək nəticə göstərərək dünya universitetləri arasında 301–400 qrupunda qərarlaşıb. Bu göstərici MDU-nun ekoloji maarifləndirmə, təbiətin mühafizəsi və dayanıqlı kampus təşəbbüsləri üzrə fəaliyyətinin beynəlxalq səviyyədə tanındığını göstərir. Sözügedən istiqamət üzrə ümumilikdə 658 ali təhsil müəssisəsi qiymətləndirilib.
MDU SDG 6 – “Təmiz su və sanitariya” istiqaməti üzrə 401–600 aralığında yer alıb. Bu nəticə universitetin su resurslarının səmərəli idarə olunması, ekoloji tədqiqatlar və su təhlükəsizliyi sahəsində həyata keçirdiyi fəaliyyətlərin əhəmiyyətini nümayiş etdirir. Bu istiqamət üzrə reytinqdə 797 ali təhsil müəssisəsi iştirak edib.
Bununla yanaşı, Mingəçevir Dövlət Universiteti SDG 14 – “Sudakı həyat” istiqaməti üzrə də reytinqdə təmsil olunaraq 401+ qrupunda qərarlaşıb. Bu istiqamət üzrə ümumilikdə 561 ali təhsil müəssisəsi qiymətləndirilib.
“THE Impact Rankings” ali təhsil müəssisələrinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələri qiymətləndirən qlobal reytinq sistemidir. Bu reytinq universitetlərin təhsil, tədqiqat, idarəetmə, sosial təsir, ekoloji məsuliyyət və tərəfdaşlıq sahələrində fəaliyyətlərini qiymətləndirir.
Mingəçevir Dövlət Universitetinin “THE Impact Rankings 2026” nəticələrində əldə etdiyi göstəricilər universitetin dayanıqlı inkişaf, sosial məsuliyyət, yaşıl kampus, ekoloji maarifləndirmə, tədqiqat və beynəlxalq əməkdaşlıq istiqamətlərində həyata keçirdiyi sistemli fəaliyyətlərin mühüm nəticəsi kimi dəyərləndirilir.
Universitet bundan sonra da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun təhsil, tədqiqat, innovasiya və sosial məsuliyyət fəaliyyətlərini genişləndirməyi, beynəlxalq reytinqlərdə mövqeyini daha da gücləndirməyi və ölkəmizin ali təhsil sisteminin qlobal nüfuzunun artırılmasına töhfə verməyi hədəfləyir.




