MDU-da Elmi Şuranın 2025-ci il üzrə yekun iclası keçirilib
2025-ci il 30 dekabr tarixində Mingəçevir Dövlət Universitetində 2025-ci ilin yekun Elmi Şura iclası keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, iclasda universitetin rektoru Anar Eminov, Elmi Şura üzvləri və struktur bölmə rəhbərləri iştirak ediblər.
İclasın əvvəlində rektor Anar Eminov gündəlikdə duran məsələlər barədə şura üzvlərinə ətraflı məlumat verib. Gündəlikdə MDU-nun yeni strukturunun müzakirəsi və struktur layihəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilməsi məsələsi əsas mövzulardan biri olub. Müzakirələrdən sonra struktur layihəsinin müvafiq qaydada Nazirliyə təqdim olunması barədə qərar qəbul edilib.
Sonra 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti, MDU-da təlim və tədrisin elektronlaşması istiqamətində fəaliyyətlər haqqında hesabatlar dinləlinib və şura üzvləri tərəfindən qəbul edilib.
İclas cari məsələlərin müzakirəsi ilə davam edib. Cari məsələlər çərçivəsində MDU-da bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili və keçirilməsi Qaydaları təsdiqlənib, Mühəndislik fakültəsi üzrə 2025/2026-cı tədris ilinin yaz semestrində fənlər üzrə tədris qruplarının yaradılması barədə qərar qəbul edilib. Eyni zamanda, universitetdə differensial əməkhaqqı təlimatı, 2026–2030-cu illər üçün elmin inkişaf strategiyası və elmi-tədqiqat işlərinin proqnozu təsdiqlənib.
İclasın sonunda rektor Anar Eminov Elmi Şura üzvlərini, universitetin professor-müəllim heyətini, əməkdaşları, tələbə və magistrantları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibətilə təbrik edib, uğurlar və yeni ildə fəaliyyətlərində davamlı nailiyyətlər arzulayıb.


