MDU və ADNSU əməkdaşlıq edəcək
Dekabrın 16-da Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elmi və akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, memorandum Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə keçirilən doktorant və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransı (NASCO XXVIII) çərçivəsində MDU-nun rektoru Anar Eminov və ADNSU-nun rektoru Rüfət Əzizov tərəfindən imzalanıb.
İki universitet arasında strateji əməkdaşlığın əsasını qoyan Memorandumun əsas məqsədi tərəflər arasında tədris, elmi-tədqiqat və kadr hazırlığı sahələrində əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsidir.
Sənəd çərçivəsində professor-müəllim heyətinin və tədqiqatçıların mübadiləsi, birgə konfrans və simpoziumların təşkili, ortaq elmi-tədqiqat və ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə təcrübələri üzrə məlumat mübadiləsi, eləcə də mütəxəssislərin ixtisasının artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur.
Memorandum MDU-nun elmi potensialının gücləndirilməsi, akademik mühitin inkişafı və ölkənin aparıcı ali təhsil müəssisələri ilə strateji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, konfransa qəbul edilmiş 610 məqaləni 106-ı MDU-nun doktorant və gənc tədqiqatçılarının payına düşür.


