MDU və AzTU birgə kadr hazırlığı həyata keçirir
Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə kadr hazırlığı proqramı çərçivəsində tələbə qəbulu həyata keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, birgə proqram çərçivəsində abituriyentlər “Energetika mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə qəbul oluna bilərlər.
“Energetika mühəndisliyi” ixtisası üzrə 40, “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə isə 30 plan yeri ayrılıb.
Proqramın əsas xüsusiyyəti tələbələrin 3 il MDU-da, sonuncu – 4-cü ili isə AzTU-da təhsil almasını nəzərdə tutan modeldir. Bu imkan tələbələrə həm regional ali təhsil mühitindən, həm də paytaxtda yerləşən ixtisaslaşmış texniki ali təhsil müəssisəsinin imkanlarından yararlanmağa şərait yaradır.
Təhsil müddətində tələbələrin hər iki universitetin laboratoriya və praktiki təhsil bazasından istifadə etməsi, mühəndislik sahəsi üzrə professor-müəllim və ekspertlərin təcrübəsindən yararlanması, eləcə də sənaye müəssisələrində istehsalat təcrübəsi keçməsi nəzərdə tutulur.




