Məcburi bilet satışında adı hallanan müəllimlər barəsində tədbir görülüb - RƏSMİ
Sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına Təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinə özəl kurslardan birinin sınaq imtahanında iştirak etmək üçün məcburi bilet satıldığını iddia edən səs yazısı yayılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, iddialarla bağlı araşdırma aparılıb.
“Məktəbin direktoru səs yazısı barədə xəbər tutduqdan sonra sözügedən fəaliyyətin qarşısı alınıb. Sektor müdirinin bilet satışından xəbərdar olması və buna icazə verməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.
Məsələ ilə əlaqədar səs yazısında adları keçən müəllimlər barəsində müvafiq tədbirlər görülüb. Vurğulayırıq ki, şagirdlərin məcburi şəkildə bu cür fəaliyyətlərə cəlb edilməsi yolverilməzdir. Bu məzmunda daxil olan müraciətlər dərhal araşdırılır və araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq ölçü götürülür”, – deyə məlumatda qeyd edilib.




