“Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi davam edir
Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi olmuş “Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi hazırda uğurla icra mərhələsindədir.
Layihə Mingəçevir Dövlət Universitetində həyata keçirilir və layihənin rəhbəri Vaqif Fətullayevdir. Layihə çərçivəsində keçirilən növbəti maarifləndirici təlim “Azərbaycan müəllimi” redaksiyasının region təmsilçisi, Gunboyu.az saytının redaktoru Aynur Araz tərəfindən həyata keçirilib. Təlim layihənin məqsəd və hədəflərinə uyğun olaraq gənclərin hüquqi və media savadlılığının artırılmasına xidmət edib.
Təlimin əsas mövzusu fakt yoxlama (fact-checking) olub. Təlim zamanı iştirakçılara mediada yayılan məlumatların doğruluğunun yoxlanılması, dezinformasiyanın və saxta xəbərlərin müəyyənləşdirilməsi, etibarlı mənbələrlə işləmə prinsipləri, eləcə də faktların hüquqi və etik çərçivədə düzgün təqdim olunması ilə bağlı ətraflı məlumatlar verilib.
Eyni zamanda, informasiya təhlükəsizliyi, hüquqi mövzuların mediada obyektiv və məsuliyyətli şəkildə işıqlandırılması, ictimai rəyin formalaşmasında fakt yoxlamanın rolu praktiki nümunələr əsasında izah edilib. Təlim interaktiv formatda təşkil olunaraq gənclərin fəal iştirakı, sual-cavab və fikir mübadiləsi ilə səmərəli və yadda qalan mühitdə baş tutub.
Qeyd edək ki, “Mediada gənclərin hüquqi mübarizəsi” layihəsi çərçivəsində maarifləndirici təlimlərin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.



