Meksikada qəbul imtahanında 75 min nəfər süni intellekt ilə köçürməkdə şübhəli bilinir

7 Avqust, 2026 - 11:15
Meksikada qəbul imtahanında 75 min nəfər süni intellekt ilə köçürməkdə şübhəli bilinir

Meksikanın ən nüfuzlu ali təhsil müəssisəsi olan Meksika Milli Muxtar Universiteti (UNAM) qəbul imtahanında kütləvi saxtakarlıq şübhəsi səbəbindən 58 min abituriyentin yenidən imtahan verəcəyini açıqlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, universitet tarixində ilk dəfə qəbul imtahanı tamamilə onlayn formatda keçirilib. Təxminən 160 min namizədin qatıldığı imtahanda süni intellekt dəstəkli nəzarət sistemi, üz və səs tanıma texnologiyaları, həmçinin brauzerin kilidlənməsi funksiyası tətbiq olunsa da, nəticələr ciddi şübhələr yaradıb.

Universitetin məlumatına görə, əvvəlki beş ildə 120 sualdan 100 və daha çox düzgün cavab verənlərin payı orta hesabla 3,5 faiz olduğu halda, bu il həmin göstərici 16 faizə yüksəlib. 110 və daha çox bal toplayanların nisbəti isə 0,9 faizdən 5,5 faizə çatıb. Ən böyük artım "Tibb" ixtisasında qeydə alınıb. Bu proqram üzrə müraciət edənlərin təxminən 30 faizi 100-dən çox düzgün cavab verib. Ötən il bu göstərici cəmi 9 faiz idi.

Müstəqil ekspertlərin təhlili vəziyyətin daha ciddi ola biləcəyini göstərib. Riyaziyyatçı və süni intellekt üzrə mütəxəssis Raul Roxas imtahan nəticələrini analiz edərək təxminən 75 min nəfərin, yəni iştirakçıların yarıya yaxınının müəyyən formada saxtakarlıq etmiş ola biləcəyini bildirib.

Araşdırmalara görə, bəzi namizədlər kamera bucağından kənarda yerləşdirilmiş ikinci monitorda və ya telefonda "ChatGPT", "Gemini" və "Claude" kimi süni intellekt alətlərindən istifadə ediblər. İmtahandan əvvəl sosial şəbəkələrdə nəzarət sistemini necə aldatmaq barədə çoxsaylı videolar və təlimatlar yayılıb, hətta imtahan suallarının internetdə satıldığı iddia olunub.

UNAM əvvəlcə şəxsiyyət saxtalaşdırılması, kənar yardım və digər pozuntular aşkar edildiyi üçün 3174 imtahanın nəticəsini ləğv edib. Daha sonra isə qəbul prosesini tam dayandıraraq məsələni araşdırmaq üçün təhsil, hüquq və süni intellekt sahələri üzrə 16 nəfərlik ekspert komissiyası yaradıb.

Komissiyanın tövsiyəsinə əsasən, qəbul hüququ qazanan və əvvəlki illərin keçid ballarına uyğun nəticə göstərən ümumilikdə 58 min nəfər yenidən imtahan verəcək. Bu dəfə imtahan yalnız ənənəvi qaydada, auditoriyada keçiriləcək.

UNAM-ın rektoru Leonardo Lomeli dürüst şəkildə imtahan verən namizədlərdən üzr istəyərək bildirib ki, bu qərar qəbul prosesində ədalət və etibarlılığı təmin etmək üçün zəruridir.

Universitet artıq imtahan zamanı saxtakarlıq xidmətləri göstərməkdə şübhəli bilinən şəxslər və şirkətlərlə bağlı cinayət işi açılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Hadisə nəticəsində yeni tələbələr üçün tədris ilinin başlanması da təxirə salınıb. Əvvəlcə avqustun 10-na planlaşdırılan dərslər indi avqustun 31-də başlayacaq.