Məktəb uşaqları həyata, yoxsa qəbul imtahanlarına hazırlayır? - Nazirdən düşündürücü sual 

10 İyun, 2026 - 16:59
Məktəb uşaqları həyata, yoxsa qəbul imtahanlarına hazırlayır? - Nazirdən düşündürücü sual 

“Ümumtəhsil müəssisələrinin əsas məqsədi nədir?” sualını versək, insanlar adətən cavab verirlər ki, vətəndaşı həyata hazırlamaqdır. Amma gəlin praktik baxaq. Bu gün ümumtəhsil müəssisələrinin əsas məqsədi uşaqları həyata, yoxsa qəbul imtahanlarına hazırlamaqdır? Bu, cəmiyyət olaraq çox ciddi şəkildə müzakirə etməli olduğumuz sualdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.

Nazir bildirib ki, bəzən şagirdlərdən kimsə hüquqşünas olmaq istəyir, amma niyə hüquqşünas olmaq istədiyini özü də bilmir: “Uşaqlardan, xüsusilə 10-cu və 11-ci sinif şagirdlərindən soruşanda ki, siz kim olmaq istəyirsiniz, verilən cavab çox zaman belə olur: “Mən ikinci qrupam” və ya “Mən üçüncü qrupam”. Yəni insanın gələcək peşəsi ilə bağlı suala cavabının “mən ikinci qrupam” olması, əslində, çox ciddi problemdir”.

Emin Əmrullayevin sözlərinə görə, bu yaşda insan müəyyən qədər hansı peşə sahibi olmaq istədiyini təsəvvür etməlidir: “Bu o deməkdir ki, insan kim olmaq istədiyini bilmir. Əsas məqsəd sadəcə müəyyən qrupa hazırlaşmaqdır. Balı çatsa həkim olacaq, çatmasa, başqa ixtisasa yönələcək, o da alınmasa, başqa sahəyə keçəcək.

Təxminən 30 ildir ki, biz bu cür düşüncə tərzi ilə ixtisas seçimi edirik və istər-istəməz əmək bazarında, müxtəlif peşə sahələrində bunun nəticələrini görürük.

Bu problemin həlli olduqca vacibdir”, - deyə nazir qeyd edib. 

Nazir vurğulayıb ki, bu, uşağın günahı deyil. Çünki bu, müəyyən mənada cəmiyyətin həmin uşağın üzərinə qoyduğu yükdür: “Onun müəllimlərinin, valideynlərinin, dostlarının və ətrafının ona münasibəti imtahanda necə nəticə göstərməsindən asılıdır. Onun qarşısında bir məqsəd qoyulub: uğurlu olmaq”.