Məktəbdəki insidentdən sonra məşhur oyun qadağan edildi

24 İyun, 2026 - 11:24
Məktəbdəki insidentdən sonra məşhur oyun qadağan edildi

Filippin hakimiyyəti üç şagirdin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnən məktəb atışmasından sonra "GoreBox" adlı mobil oyuna müvəqqəti məhdudiyyət tətbiq edib.

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Takloban şəhərində yerləşən San Jose milli məktəbində baş verib. İstintaqın ilkin nəticələrinə görə, atəş açmaqda şübhəli bilinən iki yeniyetmədən biri mütəmadi olaraq "GoreBox" oyunundan istifadə edib.

"Google Play" platformasında yerləşdirilən məlumata əsasən, "GoreBox" istifadəçilərə müxtəlif silah və partlayıcılardan istifadə etməyə imkan verir. Oyun həmçinin qrafik zorakılıq səhnələri, bədən üzvlərinin qopması və digər sərt vizual effektlərlə diqqət çəkir.

2023-cü ildə "F2 Games" tərəfindən istifadəyə verilən oyun "Google Play"də 10 milyondan çox yüklənib. Beynəlxalq Yaş Reytinqləri Koalisiyası (IARC) tərəfindən oyuna 18+ yaş məhdudiyyəti verilib.

Filippinin Kibercinayətkarlığın Araşdırılması və Koordinasiyası Mərkəzi (CICC) bildirib ki, tətbiqə qoyulan qadağa ehtiyat tədbiri xarakteri daşıyır və araşdırmalar başa çatana qədər qüvvədə olacaq.

Rəsmilər qeyd ediblər ki, oyunun müvəqqəti bloklanması platformanın şübhəlilərin davranışına hər hansı təsir göstərib-göstərmədiyini qiymətləndirməyə imkan verəcək. Bununla yanaşı, gənc istifadəçilər üçün risk yarada biləcək digər onlayn məkanların monitorinqi də gücləndiriləcək.

Yerli polis ilkin dindirilmələr zamanı müəyyən edib ki, 14-15 yaşlı şübhəlilər məktəbdə zorakılığa və təzyiqlərə məruz qalmış ola bilərlər. İstintaq versiyalarından birinə görə, hücum qisas məqsədilə həyata keçirilib. Hazırda hər iki yeniyetmə polis nəzarətindədir.